Bakının Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəni bıçaqlayıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 3 iyul 2024-cü ildə saat 23:20-də Sabunçu rayonu Qala Ramana qəsəbəsində baş verib.
Mürşüd qəsəbədəki parkda dostu Səfiyarın onu nalayiq söyüşlərlə söyüb vurması səbəbindən özünü təhqir edilmiş hesab edib. Buna görə qisas almaq məqsədi ilə ona 2 bıçaq zərbəsi vurub.
İstintaq orqanı tərəfindən Mürşüdün barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mürşüd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Qala Ramana qəsəbəsində nömrəsiz fərdi evdə dostu Səfiyarla birlikdə yaşayıb: “Səfiyarı əsgərlikdən tanıyıram. Əsgərlikdən sonra Zaqatalada bir hərbi hissədə gizir kimi xidmətimə davam etdim. 2-ci Qarabağ müharibəsində iştirak etmişəm, Vətən müharibəsi iştirakçısıyam, bir neçə medalım var. Səfiyar isə əsgərlikdən sonra mülki həyatına qayıtdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ailəsi Sabirabad rayonunda yaşasa da, əsgər yoldaşı Səfiyarın məsləhəti ilə 2021-ci il tarixdə xidmətdən azad olunub, Bakı şəhərinə gəlib və onunla birlikdə kirayə qalmağa başlayıb: “Hazırda yaşadığım ünvana da Səfiyarın məsləhəti ilə gələrək onunla birlikdə kirayə qalmışam. Avtomobil rəngləmə sənətini Səfiyarla da birlikdə öyrənirdim.
Əvvəldən Səfiyar və mən - hərəmiz öz qadın tanışını da götürüb birlikdə hərdən görüşüb, yeyib-içərək cinsi münasibətdə olmuşuq. Yəni qadın tanışlarımız da rəfiqə olublar.
Sonuncu dəfə Səfiyar mənə yenə hərəmiz öz tanışımız olan qızlarla görüşməyi və istirahət etməyi təklif edəndə mən pulumun olmadığını, sonra görüşə biləcəyimizi dedim. Səfiyar öz qız tanışı ilə görüşməli oldu. Mənim tanışım olan qızı da görüşə dəvət etdi.
Görüşə Səfiyarın tanışı olan başqa bir oğlanı aparmasını və mənim qız tanışımın həmin oğlanla yeyib-içib münasibətdə olmasını sonradan öyrəndim”.
Mürşüdün ifadəsinə görə, bu məsələnin sabahı gün, yəni 3 iyul 2024-cü ildə axşam saat 20 radələrində iş yoldaşları Səyyad və Elşənlə Ramana qəsəbəsinə gedən yolun üzərində kafedə oturaraq çay içib: “Səyyadla Elşən pivə içirdilər. Mən Səyyadı maşınımla evinə düşürəcəyim üçün pivə içmədim. Bu zaman Səfiyar mənə zəng edərək harada olduğumu soruşdu. Yerimi ona dedim. Səfiyar da yanımıza gələcəyini bildirdi.
Səyyad və Elşən əslində Səfiyarın dostudurlar. Mən onlarla sonradan tanış olaraq birlikdə işləməyə başlamışam. Bir qədər sonra Səfiyar gəldi. Ona “qız söhbəti"ni burada etməməyi, evdə ikilikdə danışacağımızı dedim. Lakin Səfiyar buradakıların dostları olduğunu söylədi və hərəkətinin niyə xətrimə dəydiyini soruşdu. Mən bu hərəkətlə onun bu dostluğumuzu heçə saymasını, səhv etməsini dedim.
Səfiyar yenə mənimlə razılaşmadı və bir qədər sonra hamımız kafedən getdik. Mən Səyyadın avtomobilini idarə edərək evinə düşürdüm”.
Mürşüdün ifadəsinə görə, Səfiyarla birlikdə piyada evlərinin yolunun üzərində olan “Ramana parkı” deyilən yerdən keçərkən yenə sözləri çəpləşib: “Mən yenə ona səhv davrandığını, məndən xəbərsiz tanışım olan qızı başqa dostu ilə görüşdürməsinin yanlış olduğunu dedim. Səfiyar razılaşmadı, həmin qızların yüngül həyat tərzi keçirdiklərini, burada xətrə dəyən bir məsələ olmadığını, özünün düzgün hərəkət etdiyini söylədi.
Parkdan keçib məhəlləyə çatarkən Səfiyarla əlbəyaxa olduq, səsimizə məhəllədə tanımadığım bir-iki adam çıxdı. Saat 23 radələri olardı. Səfiyar mənim sifət nahiyəmdən yumruq vurdu. O məndən hündür və nisbətən güclü olduğu üçün ondan çəkinirdim. Buna görə onu vura bilmədim. Səfiyara heç nə edə bilmədim və evə getdim.
Özümü çox pis hiss etdim, evə çatanda sarı dəstəkli mətbəx bıçağını götürdüm, şalvarımın kəmərinin altından belimə qoydum. Təxminən yarım saat sonra Səfiyarı bıçaqlayaraq ondan qisası almaq məqsədi ilə parka tərəf getdim. Kioskun yanında Səfiyarın pivə alıb içdiyini və kioskda işləyən Kamran adlı tanışla söhbət etməsini gördüm.
Səfiyara yaxınlaşıb kənara gəlməsini xahiş etdim, onunla işim olduğunu dedim. O məni saymadı, gəlməyəcəyini bildirdi. Belədə onu bıçaqlayacağımı dedim. Bu zaman Səfiyar qorxdu. Mən əsəbi halda bıçağı belimdən çıxararaq üstünə yeridim. Kamran gəlib məni aralamaq istəsə də, Səfiyarın üzərinə getdim, bədən nahiyəsi istiqamətində bıçaqla bir və ya iki zərbə endirdim. Səfiyar özünü qorumaq üçün əlini-qolunu irəli verdi. Kamran da məni aralaşdırmaq istədi. Lakin mən özümdən çıxmışdım.
Kamran məni kənara çəkdi. Bıçaq zərbələrinin Səfiyara dəyib-dəymədiyini bilmədim. Səfiyar qaçmağa başladı. Mən də əlimdəki bıçaqla başqa istiqamətə qaçıb, oradan uzaqlaşdım. Əlimdəki bıçağı qaça-qaça oralarda dəqiq xatırlamadığım yerə tulladım.
Səfiyar qaçaraq getdi. Mən də xeyli uzaqlaşaraq dayandım. Bir qədər fikirləşdim, parkın içinə doğru qayıtdım. Kioska gəldim və Kamrandan Səfiyarı soruşdum. Kamran mənə Səfiyarın ağır yaralandığını, təcili yardımla xəstəxanaya getdiyini dedi. Kamranla danışdıqdan sonra ağlamağa başladım, xəstəxanaya gedərək Səfiyarın vəziyyəti ilə maraqlandım. Daha sonra polislərə təslim oldum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səfiyarın sözlərinə görə, Mürşüdlə uzun zamandır dostluq edir: “Əsgərlikdə birlikdə xidmət etmişik. Əsgərlikdən sonra da Bakı şəhərində kirayədə qalaraq işləmişik".
Səfiyar qeyd edib ki, 3 iyul 2024-cü ildə Mürşüdlə telefonla danışan zaman o, digər iş yoldaşları Elşən və Səyyadla birlikdə kafedə olduğunu deyib: “Orada Mürşüd bizim əvvəllər görüşdüyümüz qızlarla görüşəndə nə üçün ona demədiyimi soruşdu, səhv elədiyimi dedi. Bu barədə qısa mübahisə etdik. Daha sonra kafedən çıxdıq və Elşənlə Səyyadı onların avtomobili ilə evlərinə düşürdük. Sonra ikilikdə piyada evə getməyə başladıq. Yolun üzərində olan Ramana parkında yenə mübahisəmiz düşdü, əlbəyaxa olduq. Mürşüdü əlimlə vuraraq geriyə itələdim. O məni nalayiq sözlərlə təhqir etdi. Söyüşləri özünə qaytardım. Kənar şəxslər bizi aralaşdırdılar”.
Səfiyar qeyd edib ki, 10-12 dəqiqə sonra Mürşüd yenidən parka, onun yanına gəlib: “Parkda kioskun yanında dayanmışdım. Mürşüd yaxınlaşaraq mənimlə işinin olduğunu dedi, kənara çəkilməyimizi istədi. Biz yenə əlbəyaxa olduq, kioskda işləyən Kamran gələrək bizi aralamaq istədi. Mən Mürşüdün əlindəki bıçaqla məni vurduğunu və qolumdan qan gəldiyini görəndə üzümü geriyə döndərərək oradan qaçdım. Bu zaman Mürşüd arxa hissəmdən də bıçaq zərbəsi vurdu. Zərbə kürək nahiyəmə dəydi.
Mürşüdün arxamca gəlmədiyini görəndə geriyə Kamranın yanına qayıtdım. Kamran kürək nahiyəmdən də qan gəldiyini dedi, dərhal təcili tibbi yardım çağırdı”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mürşüdün barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.