Bakının Binəqədi rayonunda bacısını boğaraq öldürməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Təbriz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə ifadə vermək təklif edilib.
O, hazırkı mərhələdə ifadə verməkdən imtina edib. Qeyd edib ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir: "Mən hər şeyi istintaqa danışmışam. Lazım olsa gələcəkdə yenə danışaram".
Daha sonra zərərçəkmiş Təhminə Qasımovanın hüquqi varisi, anası Xanım Məmmədovanın iştirak etdiyi müəyyən edilib.
Xanım Məmmədova bildirib ki, ərindən ayrılıb və ayrı evdə yaşayır.
Şahid qismində ifadə verməyə dəvət olunan Bəhman Qasımov bildirib ki, təqsirləndirilən şəxsin qardaşıdır. O, qardaşına qarşı məhkəmədə ifadə verməkdən imtina edib. Buna görə də onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Bəhman Qasımov həmin ifadəsində bildirib ki, ailəsi ilə birlikdə Binəqədi rayonunda yaşayır. Bacısı Təhminə Şəmkir rayonunda Anar adlı şəxslə ailə qurub, bir övladı olub. Bacısı daha iki dəfə ailə qurub: "Bacımı üçüncü dəfə taparaq evə gətirdik, bizimlə yaşamağa məcbur etdik. Amma bacımın qeyri-etik hərəkətləri qardaşım Təbrizin xoşuna gəlmirdi. Buna görə onlar mübahisə edirdilər".
Şahid qeyd edib ki, hadisə günü bacısının iş yerinə onu evə gətirmək üçün gedib: "Bacım mənimlə gəlmək istəmədi, dedi ki, ürəyi istədiyi vaxt gələcək. Mən də bayırda onu gözlədim. Anam mənə zəng edib, harada olduğumu soruşanda bacımı gözlədiyini bildirdim. Bir qədər sonra bacım müdiri ilə çıxdı, onun maşınına minərək getdi. 10 dıqiqə sonra anam zəng etdi, Təhminənin evə gəldiyini bildirdi.
Qardaşım Təbriz tapşırmışdı ki, bacım evə gələndə ona deyim. Qardaşıma Təhminənin gəldiyini dedim. Bir qədər sonra evə getdim. Anamın bacımla mübahisə etdiyini gördüm. Anam bacıma dedi ki, bu vaxt adam evə gələr, qonşular nə deyər? Bacım isə "öz həyatımdlr, özüm bilərəm necə yaşayaram" deyə cavab verdi".
Şahid ifadəsində qardaşı Təbrizin evə gəlməsindən, bacısını boğaraq öldürməsindən danışıb. O, ifadəsində deyib ki, qardaşı bacısını qeyri-etik hərəkətlər etdiyi üçün qətlə yetirib.
Növbəti proses fevralın 3-də davam edəcək.
Xatırladaq ki, hadisə ötən il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb.
Onu gecə saat 2 radələrində qardaşı işdən çıxan zaman qarşılayıb və birlikdə evə gediblər. Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub.
İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, Təbriz anasını da ölümlə təhdid edib.
Təbriz Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan olunub.