Bakının Yasamal rayonunda sevgilisini xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Mustafa Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib.
İttihama görə, ötən il iyulun 3-də Yasamal rayonu, Kənar Dairəvi yolda “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovın isə xəsarətlər alması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.
İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Mustafa Nəcəfov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və xəstəxanada müalicəsinin davam etdirilməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Müəyyən olunub ki, “CHERY” markalı minik avtomobilinin idarəetməni itirməsi nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəmində törədilib. Günay Mustafanın sevgilisi olub. Mustafa sevgilisinin ona xəyanət etməsi qənaətinə gəlib və hadisəni törədib.
Günay öldürməməsindən ötrü Mustafaya yalvarıb. Amma o, qadının yalvarışlarına məhəl qoymayıb.
İstintaq orqanı tərəfindən Mustafa Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Amma ittihamda yazılanlarla razı omadığını deyib. Bildirib ki, avtomobili aşıranda özündə olmayıb.
Növbəti proses fevralın 24-də davam edəcək.
Məlum olub ki, Mustafa Nəcəfov bundan öncə taksi sürücüsünə qarşı quldurluq etdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 il 6 aya endirilib.
Həmin ittihamdan məlum olur ki, Mustafa Nəcəfov 17 iyul 2013-cü il tarixdə, saat 23.00-da "20 Yanvar" metrosu yaxınlığında Ramiz Ağazadənin taksi kimi idarə etdiyi "Chevrolet Aveo" markalı avtomobilə minib, maşını Abşeron rayonunun Hökməli-Qobu yoluna sürdürüb.
Həmin yerə çatdıqda yumruqla Ramiz Ağazadənin sifətinə vurub, üzərində gəzdirdiyi bıçaqla hücuma keçib. O, sürücüyə bıçaqla xəsarət yetirib. Daha sonra Ramiz Ağazadəni zorla avtomobilindən düşürüb. Taksi sürcüsünün 50 manat dəyərində "Nokia" markalı mobil telefonunu, üzərində olan 10 manat dəyərində "Azercell" telefon nömrəsini, pul qabında olan 50 manatını götürüb.
Avtomobili də aparmaqla Ramiz Ağazadəyə 10830 manatlıq ziyan vurub.