09:24
308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdərə-Kəlbəcər avtomobil yolunun Kəlbəcər rayonu Kəndyeri kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə məhkəmə proses başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 1-i səhər saat 5 radələrində baş verib.

1982-ci il təvəllüdlü Ramin həmin gün gecə saat 4 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub. O, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21099” markalı avtomobil ilə təmir işləri aparılan Ağdərə-Kəlbəcər avtomobil yolunun Kəlbəcər rayonu Kəndyeri kəndi ərazisindən keçən hissəsində Kəlbəcər rayonu istiqamətində hərəkətdə olarkən yuxuladığı üçün avtomobilin idarəetməsini itirib, avtomobil əks hərəkət zolağına keçərək, yol kənarında olan dəmir naqillərdən hörülmüş maneəni keçərək ərazidə olan beton istinad divarına dəyib.

Avtomobilin aşması nəticəsində - sərnişinlər 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübarək Nəcəfov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İstintaq araşdırması zamanı avtomobilin sürücüsünün barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin özünü ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, Kəlbəcər rayonunda Rəsul və Mübarəklə birlikdə işləyib: “Oradan çıxaraq Zəngilana gedərkən bizi işlə bağlı geri qaytardılar. Avtomobili özüm idarə etmişəm. Mübarək ön sərnişin oturacağında, Rəsul isə arxa sərnişin oturacağında əyləşmişdi. Həmin günü yorğun və yuxusuz olduğumuzdan və Kəlbəcərdə İstisuda çimdikdən sonra Rəsulla Mübarək yolda yatdılar. Özüm də sükan arxasında yuxuladım və anlıq olaraq idarəetməni itirdim. Gözlərimi açanda avtomobilin qəzaya düşdüyünü, Mübarəklə Rəsulun avtomobildə olduqlarını gördüm. Mübarəklə Rəsula kömək etmək istəsəm də, bacarmadım. Mən əlavə kömək çağırdım. Təcili tibbi yardım gələrkən isə Rəsul artıq həyatını itirmişdi”.

Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, mərhum Rəsulla 5-6 ildir birlikdə işləyib, Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuya gedərkən Mübarək yatdığından avtomobili o idarə edib: “Əvvəllər də həmin yolda dəfələrlə avtomobil sürmüşəm. Qəzadan əvvəl avtomobil aşağı sürətlə sürsəm də, problem mənim yorğun və yuxusuz olmağım olub. Qəzadan sonra birtəhər avtomobildən çıxıb Mübarəklə Rəsula kömək etməyə çalışmışam. Özüm köməksiz şəkildə avtomobildən çıxmışam, daha sonra isə Mübarəki çıxarmağa çalışsam da, Mübarəkin qolu arada qalaraq əzildiyindən ona kömək edə bilməmişəm. Avtomobildən telefonumu götürərək əlavə kömək çağırmışam. Qəzadan əvvəl qoruyucu kəmərlərdən istifadə etmişəm, sərxoş olmamışam”.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib: “Mərhum Rəsulun ailəsinə maddi köməklik etsəm də, işlər tam görülmədiyi üçün məndən şikayətçi olublar. Sonrakı müddətdə isə özüm və ailə üzvlərim dəymiş ziyanı tam ödəyib, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişik. Həmçinin digər zərərçəkən olan xalamoğlu Mübarəklə də barışmışam, ona dəymiş ziyanı ödəmişəm. Azyaşlı övladlarım var, hadisədən peşmanam”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 11 ay 2 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilib. O, məhkəmənin iclas zalından dərhal həbsdən azad edilib.

Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda alındığı vaxtdan hesablanması barədə hökm çıxarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər