Bu gün Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı başlayacaq.
Teleqraf.com-un xəbərinə görə, prosesin Bakı Məhkəmə Kompleksinin inzibati binasında saat 15.00-da başlayacağı gözlənilir.
Bu gün keçirilməsi nəzərdə tutulan prosesdə məhkəmə istintaqının başlanacağı, dövlət ittihamçılarının ittiham aktını elan edəcəkləri gözlənilir.
Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır.
Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.
Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.
Məlumata görə, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.
Məhkəmədə dövlət ittihamını onlar müdafiə edir:
Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev
Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli
Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov
Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev
Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev
Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.
Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.
Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Onların hər biri müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib.
Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.
Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.