Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Novruz Məhərrəmova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çamadanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1130 qutu xarici markalı siqaret aşkar olunub.
Faktla bağlı izahatında Novruz Məhərrəmov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasından aldığını və dost-tanış üçün hədiyyə məqsədilə gətirdiyini qeyri-səmimi şəkildə bildirib.
Naibə QURBANOVA