16 May 2014 19:56
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham olunan Nizam, Seymur və Məhəbbət Rzayev qardaşlarının və Sənan İsmayılovun mühakiməsi başa çatıb. İttihama görə, cinayət hadisəsi ötən ilin avqustunda baş verib.

Rzayev qardaşları Sənan İsmayılovun evində təmir işləri aparıb. Seymur Sənandan 300 manat borc pul istəyib və bu pulun müqabilində işləyəcəyini deyib. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, Seymur borcunu geri qaytarmayıb, üstəlik, yarımçıq qoyduğu işi başa çatdırmayıb. Bu üzdən Sənan İsmayılov Seymurun qardaşı Məhəbbətə zəng vuraraq pulunu tələb edib, ana söyüşü söyüb.

Sənan ona ertəsi gün axşam saat 8-də Bakıxanov qəsəbəsində körpünün altında görüşməyi təklif edib. Nizam, Seymur və Məhəbbət Rzayev qardaşları deyilən vaxtda ora gələrkən Sənanın yanında əvvəllər tanımadıqları Sərdar Zamanovla Samir Aslanovun da olduğunu görüblər. Rzayev qardaşları Sənandan söyüşə görə cavab vermələrini tələb etdikdə dava düşüb. Davada Samir Aslanov xəsarət alıb, Sərdar Zamanov isə ölüb.

"Zərbənin təsirindən gözümə qaranlıq çökdü"

İki oğul atası olan Nizam Rzayev ifadəsində göstərib ki, bir neçə il həbsxana həyatı yaşayıb, azadlığa çıxandan sonra fərdi usta kimi evlərin təmiri ilə məşğul olub: "Bir gün qardaşım Samir mənə dedi ki, Qaraçuxurda iş tapmışam, Zakir adlı kişinin hasarına suvaq çəkəcəyik. Qardaşımla razılaşdım. İşlə bağlı sifarişi bizə Zakirin oğlu Sənan verirdi. Bir müddət qardaşıma kömək elədim.

2013-cü ilin iyul ayında Seymur mənə dedi ki, Sənandan 300 manat borc alıb. Həmin vaxt Sənanın həyat yoldaşı hamilə idi, bir az ucuz müayinə etdirmək üçün Lənkərana aparmışdı. Geri qayıdandan sonra Sənanın evində işləməyə getsə də, tikinti materialları olmadığından işi başa çatdıra bilməmişdi. Buna görə də Seymur başqa işlə məşğul idi.

Həmin vaxt Sənan zəng vurub pulu ayın 5-dək çatdırmağıı tələb edib və anamızı söyüb. Üç qardaş onun çağırdığı yerə getdik. Biz ora çatanda Sənan "tez ol, pulu doğ" deyə təhqiramiz ifadə işlətdi. Onu sakitləşdirməyə çalışdıq ki, pul sənə çatacaq, əvvəlcə söyüşə aydınlıq gətir.

Bunu demişdim ki, Sənan qəflətən sifətimə yumruq vurdu. Zərbənin təsirindən gözümə qaranlıq çökdü. Bıçaq çıxarıb sağa-sola doğru fırlatdım. Bıçağın Sərdar və Samirə dəydiyini sonradan bildim. Odur ki, hadisə yerindən qaçdım. Seymurla Sənan əlbəyaxa olmuşdular. Sənan da Seymurun sinəsindən vurmuşdu. Seymuru qan götürmüşdü. Məhəbbətlə birlikdə Seymuru maşına qoyub xəstəxanaya apardıq. İndi yadıma düşür ki, hadisə vaxtı Sərdarla Samir araya girmişdilər".

"Sərdarın vurulmasından xəbərim olmayıb"

Digər təqsirləndirilən Sənan İsmayılov isə özünü günahkar bilməyib. Deyib ki, 300 manatı iş görülməsi üçün verib. Amma nə pulunu qaytarıblar, nə də işi tamamlayıblar: "Seymurun özünün mobil telefonu olmadığına görə qardaşı Məhəbbətə zəng vurdum. Dedim, ya mənim pulumu qaytarıb versin, ya da gəlib işini qurtarsın. Məhəbbət də dedi ki, səhər gəl görüşək. Mən görüşə getdiyim günü Sərdar da yanımda idi. Qardaşların üçündə də bıçaq vardı.

Sərdar dedi, gəl qaçaq, bunlar bizi öldürəcəklər. Hər şey bir dəqiqənin içində baş verdi. Dava vaxtı mənim başıma xəsarət yetirmişdilər, başımdan qan axırdı. Mən taksi ilə getdim, Sərdarı isə ambulansla xəstəxanaya apardılar. Sərdar gecə keçindi, onun vurulmasından xəbərim olmayıb. Bizim onlarla dalaşmaq niyyətimiz yox idi. Ora dava məqsədilə getməmişdik".

Digər təqsirləndirilən şəxslər də ifadələrində özlərini təqsirli bilməyiblər.

Zərərçəkmiş Anar Zamanov deyib ki, mərhum qardaşı ailəli olub. Həyat yoldaşı ilə birgə Qaraçuxurda yaşayıb. Babək prospektində yerləşən maşın bazarında təkər satışı ilə məşğul olub: "Hadisə baş verən gün qonşumuzun hüzr mərasimində iştirak etmişik. Mən evə gəldim, Sərdar isə yas yerində qaldı. Gecə saat 1-də bacımın əri zəng vurub Sərdarın vurulduğunu dedi. Dərhal xəstəxanaya getdim. Həkim dedi ki, yaraları çox dərindi. Ertəsi gün bildim ki, Sərdar tanışı Sənanla birgə sonuncunun söhbətinə gedib, orada qarşı tərəf Sənana və Sərdara xəsarət yetiriblər. Qardaşımın heç kimlə ədavəti olmayıb".

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Nizam Rzayev 14 il, Seymur və Məhəbbət Rzayev qardaşları 13 il, Sənan İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı


Müəllif: