Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, eləcə də mərkəzin işçiləri Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın məhkəməsi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesin əvvəlində Abdulla Abdullayevin vəkili Osman Kazımov zərərçəkənlərin məhkəməyə gəlməməsinin səbəbləri ilə maraqlanıb. Böyük məbləğdə ittihamın olduğunu deyən vəkil zərərçəkənlərin məhkəməyə gətirilməsini istəyib. Hakim bildirib ki, hər məhkəmə iclasında zərərçəknələrin iştirak etməsi üçün məktub ünvanlayırlar: “Amma onlar məhkəmə iclasına gəlmirlər”.
Daha sonra ifadəsini davam etdirən Abdulla Abdullayev bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə ünvanlandığı müraciət əsasında cinayət işi başlanıb: “Fondla “Birlik bank” arasında müqavilə var. Həmin müqaviləyə əsasən öhdəlik də bankın üzərinə düşür. Öhdəlik yerinə yetirilmədiyi halda bank öz hesabına kreditləri ödəməyə məcburdur. Həmçinin bank dəymiş ziyanın da ödəyə bilər. Amma burada əksinə olaraq, cinayət işi başlanıb”.
Abdulla Abdullayev deyib ki, “Birlik Bank”da müşahidə şurasının sədri olub: “Müşahidə şurası nəzarət edici orqandır. Mənim də vəzifəm nəzarət etmək olub. Çünki orada məsuliyyətim olmayıb. 4 il əvvəl bankda kreditlərin verilməsi ilə bağlı cinayət işi başlanıb. Qanunsuz olaraq bankın 3 əməkdaşı həmin vaxt cəzalandırılıb. 4 il əvvəl başlanan cinayət işi üzrə mən məsuliyyətə cəlb edilməmişəm. 4 ildən sonra fond yenidən korrupsiya idarəsinə müraciət edir və məni məsuliyyətə cəlb edirlər. Belə olan halda mənə mənimsəmə ittihamının verilməsi düzgün deyil”.
Abdulla Abdullayev həmçinin “Birlik Bank”ın lisenziyasının ləğv edilməsindən danışıb: “2011-ci ildə bankın lisenziyasını ləğv etdilər. Guya belə əsaslandırdılar ki, həmin bankda İranın çirkli pulları yuyulur. Araşdırma aparılandan sonra bu fakt təsdiqini tapmadı”.
“AMAY”ın sahibi daha sonra qeyd edib ki, “Birlik Bank” bağlanandan sonra İran Milli Bankı və “Atabank” onları m əhkəməyə verib və girov olan əmlakların müsadirə edilməsi üçün məhkəmə tərəfindən qərar çıxarılıb. Məhkəmə iclası martın 19-da davam etdiriləcək.
Hacı Zeynalov