Gürcüstandan gələn avtobusun gizli saxlanc yerindən 40 minə yaxın pirotexniki vasitə tapılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.
Növbəti belə fakt Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. İdarənin “Sınıq Körpü” Gömrük Postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan Respublikası vətəndaşı Rustamov Ramil Tahir oğlunun idarə etdiyi “Scania K113” markalı, BR999AT nömrə nişanlı sərnişin avtobusuna “Smiths Heimann HCVG” markalı yoxlama baxış sistemi ilə gömrük baxışı keçirilib.
Baxış zamanı qeyd olunan nəqliyyat vasitəsinin salonunda döşəmənin altında düzəldilən və xüsusi mexanizm ilə işə salınan gizli saxlanc yerindən 2 adda ümumilikdə 39050 ədəd pirotexniki vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.
Fakt bağlı təhqiqat aparılır.
Naibə