Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən “Sahil-D Kompani” MMC-nin direktoru Məzahir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onların anket məlumatları dəqiqləşdirilib.
Məzahir Cəfərov “Sahil-D Kompani” MMC şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib. Rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, “Sahil-D Kompani” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satılıb. Nəticədə 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçiriblər.
Məzahir Cəfərov Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib.
Hacı Zeynalov