Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə şahid qismində adı keçən Rəşad Şirinin məhkəməyə göndərdiyi məktub elan olunub.
Rəşad Şirin məktubunda Hollandiyada olduğu üçün məhkəməyə gələ bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib. Məhkəmə Rəşad Şirinin istintaq zamanı verdiyi ifadəsi elan edilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri cinayət işində olan sənədlərlə bağlı xarici ölkələrin birində keçirdikləri alternativ ekspertizanın rəyini məhkəməyə təqdim ediblər. Vəkillər Rəsul Cəfərovun barəsində ev dustaqlığı həbs qətimkan tədbirinin seçilməsi, məhkəməyə əlavə şahidlərin çağırılması barədə vəsatətlər də veriblər.
Lakin məhkəmə vəsatətləri təmin edilməyib.
Proses aprelin 9-da davam etdiriləcək.
Qeyd edək ki, Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. Rəsul Cəfərov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham edilir.
Hacı Zeynalov