2 Aprel 2015 22:54
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç bir dəyəri olmayan əşya verib pul alan dələduzlar cəzalandırıldı

Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Qazax rayon sakini, 1962-ci il təvəllüdlü Hüseyn Nuriyev və Ağstafa rayon sakini, 1959-cu il təvəllüdlü Məzahir Mirzəyevin cinayət işinə baxılıb.

İttihama görə, Hüseyn Nuriyev 2014-cü ilin aprel ayının ortalarında tanışı Məzahir Mirzəyevlə cinayət əlaqəsinə girib. Onlar birlikdə Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsinə Zeynəb Mirzəyevanın işlədiyi təndirxanaya gəliblər. Hüseyn Nuriyev çörək və bişmiş toyuq alacağını söyləyib. Daha sonra o, Zeynəbə heç bir dəyəri olmayan iki “mikrosxem” verərək, 600 manatlıq qızıl üzüyünü alıb.

Mayın 25-də o, Məzahir Mirzəyevlə birlikdə Biləsuvar şəhərinin mal bazarında Famil Rüstəmova ondan qoyun alacaqlarını bildiriblər. Famil Rüstəmova da iki “mikrosxem” verərək 400 manat pulunu mənimsəyiblər.

Təqsirləndirilən şəxslərin növbəti dələduzluğu Ağcabədi rayonunda meyvə alveri ilə məşğul olan Məryəm Qasımovaya qarşı olub. Onlar iyunun 5-də Ağcabədi şəhər mərkəzi bazarına gəliblər, Məryəm Qasımovaya üç “mikrosxem” verib, 550 manatını ələ keçiriblər. Yenidən Biləsuvar rayonuna qayıdan dələduzlar bazarda meyvə satan Leyla Urufovanın 100 manatını eyni üsulla alıblar.

“Dostlar” iyunun 11-də Lənkəran şəhər bazarında Mənsurə Caniyevaya məxsus mağazaya gələrək, onun da 600 manatına yiyələnə biliblər. Onlar həmin gün saat 12 radələrində Mələk Əhmədovaya məxsus köşkə gəliblər. Köşk sahibinə satmaq üçün kompüter verəcəklərini vəd edərək 50 manatını alıblar.
Daha bir macəra iyulun 29-da Biləsuvar şəhərində yerləşən ərzaq malları mağazasında baş verib. Dələduzlar mağaza sahibi Minarə Hüseynovadan ərzaq alacaqlarını deyiblər, ona bir “mikrosxem” verərək 200 manatını ələ keçiriblər.

Təqsirləndirilən şəxslər avqustun 24-də Lənkəran bazarında meyvə-tərəvəz satışı ilə məşğul olan Mahirə Xəlilovanın 150 manatı alıblar.

Hüseyn Nuriyev və Məzahir Mirzəyev Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar dələduzluq törətmək) maddələri ilə ittiham ediliblər. Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 3 il 6 ay 1 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Qürbət Əsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçisi Ruslan Mirzəyev bildirib ki, müdafiə etdiyi şəxslər əməllərindən səmimi peşman olublar: “Hüseyn Nuriyev və Məzahir Mirzəyev əməllərini etiraf ediblər, zərərçəkmiş şəxslərlə barışıblar. Bu səbəbdən zərərçəkmişlərin onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Hər iki şəxs ailənin yeganə qazanc gətirəni olub. Bu səbəbdən onlar barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməyib.

Cinayət işində cəzanı yüngülləşdirən hallar da var. Bunlar birinci məhkəmə instansiyasının hökmündə qeyd olunmayıb".

Vəkilin sözlərinə görə, yüngülləşdirici halların mövcudluğu, eləcə də, cəzanı ağırlaşdıran halların yoxluğu azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə əsas verir: “Hazırda təqsirləndirilən şəxslərin himayəsindəki ailələrdə ciddi çətinliklər var. Məhkəmə yüngülləşdirici halları nəzərə almayıb, ittihamla elan edilmiş maddənin yuxarı həddində cəza təyin edib. Birinci instansiya məhkəməsinin verdiyi ağır cəzanın zəruriliyi əsaslandırılmayıb”.

Ruslan Mirzəyev hər iki məhkum olunan şəxs barəsində hökmün ləğvini, onlara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbulunu xahiş edib.

Prokuror Səyavuş Sadıqov apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Sonda hakimlər heyəti apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər