Şəki Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə günahlandırılan Vüsal Abdullayevin təkrar məhkəmə prosesi başlayıb.
İstintaq materiallarına görə, Vüsal Abdullayevlə əvvəllər rəsmi nikahda olan Gülnarə Abdullayeva ondan boşanıb. Vüsaldan ayrılandan sonra o, 2006-cı il təvəllüdlü Əsəd, 2009-cu il təvəllüdlü Sənan adlı övladları ilə birlikdə Şəki şəhərində məskunlaşan anasının evinə qayıdıb. Ərindən ayrılan qadın azyaşlı uşaqlarını Şəki şəhərindəki Uşaq Evinə verib. Vüsal Abdullayev həyat yoldaşının bu hərəkətindən qəzəblənib, buna görə arvadı ilə mübahisə edib.
Vüsal Abdullayev qisas almaq niyyəti ilə Gülnarəni öldürmək qərarına gəlib. O, 2013-cü il martın 21-də saat 21:40-da Şəki şəhəri “Gəncəli məhəlləsi” deyilən ərazidə Novruz Bayramı şənliyində iştirak edən Gülnarə Abdullayevanı görüb, yaşadığı evə qayıdıb, bıçaq götürərək şənlik olan məkana gəlib.
Gülnarə Abdullayeva şənlikdən yarımçıq çıxaraq evə getmək istəyib. Şəki şəhəri, M.Maqomayev küçəsində Vüsal Gülnarəni qarşılayıb. O, Gülnarədən övladlarını uşaq evinə verməsinin səbəbini soruşub. Onların arasında mübahisə düşüb. Vüsal Abdullayev keçmiş həyat yoldaşının qarın nahiyəsinə çoxsaylı zərbələr vurub.
Gülnarə səs-küy salıb, özünü müdafiə etmək üçün köməyə adam çağırıb. Bu səbəbdən o, zərbələrini dayandıraraq hadisə yerindən qaçıb. Qadın hadisə şahidlərinin köməyi ilə xəstəxanaya aparılıb. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.
Vüsal Abdullayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı Vüsal Abdullayevin anlaqlı olub-olmaması yoxlanılıb. Məhkəmənin qərarı ilə o, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasına göndərilib.
Vüsal Abdullayevin cəzalandırılması məqsədilə Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluğun protestinə bir müddət əvvəl Şəki Apelyasiya Məhkəməsində baxılıb və şikayət təmin edilməyib. Bundan sonra prokurorluq kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər cinayət işinin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər və cinayət işinin materialları Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Kamil Rəhimovun sədrliyi ilə keçən prosesdə müəyyən olunub ki, Şəki Ağır Cinayətlər Məhkəməsində işə baxan hakimlər prokurorun Vüsal Abdullayev barəsində təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertiza təyin olunması haqqında vəsatətini təmin etməyiblər. Bu səbəbdən prosesdə çıxış edən prokuror Vidadi Cabbarov eyni vəsatətlə çıxış edib.
Prokuror komisyon qaydada təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsini və ekspertizanın Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilməsini istəyib. O, həmçinin ekspertiza qarşısında Vüsal Abdullayevin hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi və digər faktların müəyyən edilməsi üçün ümumilikdə 4 sual qoyub.
Vüsal Abdullayevin vəkili Dəyanət Mustafayev prokurorun vəsatətini əsassız sayıb və təmin edilməməsini istəyib.
Hakimlər sonda prokurorun vəsatətini təmin edib və Vüsal Abdullayevin barəsində təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə qərar qəbul olunub.
Rəy alınana qədər məhkəmə baxışı təxirə salınıb.
Hacı Zeynalov