2 Aprel 2015 16:37
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə yarım milyon manatdan çox pul mənimsəməkdə təqsirli bilinən Qəhrəman Hüseynovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran rayonu Boladi kənd sakini Qəhrəman Hüseynov 2008-ci ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddət ərzində “Nikoyl – İKB” ASC-nin Lənkəran rayon filialının kənd özəl məsləhətçisi kimi fəaliyyət göstərdiyi dövrdə cəmiyyətə məxsus 475 min 334 manat 89 qəpik məbləğində pul vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamaqda ittiham olunub.

Qeyd edək ki, Qəhrəman Hüseynova qarşı ilkin istintaq hərəkəti 2010-cu ilin martın 3-də Lənkəran Rayon Prokurorluğunda başlanılıb, 2010-cu ilin aprelin 6-dan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirilib və 2011-ci il iyun 29-da isə iş məhkəməyə göndərilib.

O, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə; Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə təqsirləndirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qəhrəman Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti versə də, Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə şikayəti təmin edilməyib.

Bundan sonra Qəhrəman Hüseynov Ali Məhkəməyə kasasiya şikayəti verib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Qəhrəman Hüseynovun kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər