3 Aprel 2015 20:13
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Natiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, əslən Tovuz rayonundan olan 1970-ci il təvəllüdlü Natiq Tağıyev tanışı Mənsur Sərabinin etibarından sui-istifadə edərək onun Dağıstan universitetlərinin birində təhsil alan oğlunu Təfəkkür Universitetinə köçürəcəyi adı ilə aldadaraq 9 min manat pulunu ələ keçirib.

Bundan başqa, Natiq Tağıyev Afət Mehdiyeva adlı bir vətəndaşın da pulunu dələduzluq yolu ilə mənimsəyib. O, Afətin qardaşı, Ağstafa Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin əldə olunması) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmiş İlqar Mehdiyevi buraxdıracağı vədi ilə aldadaraq 3200 manat pulunu mənimsəyib.

Natiq Tağıyev dələduzluqda ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Natiq Tağıyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Natiq Tağıyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Mənsur Sərabini dostu Yusifin vasitəsilə tanıdığını göstərib: "Yusiflə 15 ildir dostuq. 2012-ci ilin aprel ayı idi. Yusiflə "Nərimanov" metrosu yaxınlığındakı çayxanada oturub çay içirdik. Yusifin bacısı oğlu Taleh də yanımızda idi. Söhbət əsnasında Taleh Dağıstanda təhsil aldığını, Bakıdakı təhsil müəssisələrinin birində oxumaq istədiyini bildirdi. Bir qədər sonra Talehin atası Mənsur Sərabi də gəldi. Mənsura müəllim işlədiyimi və onlara kömək edə biləcəyimi dedim. Oğlunun işinin düzəlməsi üçün 8000, dövlət imtahanı üçünsə 1000 manat pul lazım olduğunu dedim. Təxminən on gündən sonra Mənsur həmin məbləği gətirib mənə verdi".

Natiq Tağıyevin sözlərinə görə, həmin ərəfələrdə Təhsil Nazirliyində rəhbərlik dəyişib və Talehin Təfəkkür Universitetinə dəyişdirilməsi məsələsi alınmayıb. O, Mənsur Sərabidən aldığı pulları öz ehtiyaclarına xərcləyib. Aldadıldığını görən Mənsur Sərabi sonunda hüquq-mühafizə orqanlarına müraciət edib: "Maddi çətinliklərim olduğuna görə onun pulunu qaytara bilmirdim. Mənsur hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra isə bütün məbləği qaytardım".

Təqsirləndirilən şəxs ifadəsində Afət Mehdiyevanın həyat yoldaşı Naib Quliyevdən qaynını həbsdən azad etdirmək məqsədi ilə pul almadığını göstərib: "Naibdən 3000 manat borc pul almışdım. Bundan bir müddət sonra o, mənə qaynının həbsdə olduğunu, ona kömək göstərilməsi üçün adam axtardığını dedi. Naibə yaxşı vəkil tapacağımı, qaynına kömək edəcəyimi dedim. Pulu Naibin qaynını həbsdən azad etdirmək məqsədilə deyil, borc almışam".

Zərərçəkmiş şəxs qismində dindirilən Mənsur Sərabi ifadəsində oğlu Talehin 2006-cı ildə Humanitar Universitetin Dağıstan filialının iqtisadiyyat fakültəsinə qəbul olunduğunu, onu Təfəkkür Universitetinə köçürmək istədiyini bildirib: "Bu barədə qaynım Yusifə demişdim. Yusif də Natiq adlı şəxsin bu məsələni həll edə biləcəyini söylədi. Natiqlə görüşüb ona 9 min manat verdim.

2012-ci ilin sonlarında onunla əlaqə saxlayanda dedi ki, Təhsil Nazirliyində kadr dəyişiklikləri gedir, bir qədər gözləmək lazımdır. Sonradan məlum oldu ki, oğlumun sənədləri Dağıstan Respublikasından Təfəkkür Universitetinə gəlib. Lakin sənədlər düzgün olmadığından Təhsil Nazirliyində onun adına diplom çıxmayıb.

Dəfələrlə Natiqlə əlaqə saxlayıb pulumu geri tələb etdim. Hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan boyun qaçırdı. 2014-cü ilin avqust ayında Xətai Rayon Prokurorluğuna ərizə ilə müraciət etdim. Bundan sonra mənə dəymiş ziyan tam ödənildi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbim yoxdur".

Zərərçəkmiş şəxs qismində dindirilən Afət Mehdiyeva ifadəsində qardaşı İlqar Mehdiyevin 4 il müddətinə azadlıqdan məhrum edildiyini, cəzasının yüngülləşdirilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə müraciət etdiklərini göstərib: "Həmin ərəfədə həyat yoldaşım Naib Bakı şəhərində Natiq adlı bir nəfərlə tanış olub. Həmin şəxs də qardaşımı həbsdən buraxdırmağa kömək edəcəyini və bu işin müqabilində 3000 manat pul lazım olduğunu deyib. Yoldaşım Naib həmin pulu ona verib".

Zərərçəkmişin sözlərinə görə, Gəncə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb: "Bundan sonra həm özüm, həm də həyat yoldaşım dəfələrlə Natiq Tağıyevə zəng vuraraq bu işin aqibəti barədə maraqlandıq. Natiq Tağıyev isə hər dəfə bizə bir nağıl danışırdı. Gah deyirdi vəkil ölüb, gah da deyirdi iş başqa hakimlə danışılıb.

Sonradan Natiq bu məsələni Ali Məhkəməyə verərək İlqarı oradan azadlığa buraxdıracağını dedi. Lakin yenə bizi aldatdı. Məlum oldu ki, heç Ali Məhkəməyə müraciət olunmayıb. Natiqin hər dəfə müxtəlif bəhanələr gətirdiyini görüncə Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim".

Daha sonra prokuror çıxış edərək Natiq Tağıyevin apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Prokurorun çıxışından sonra hakimlər Natiq Tağıyevin apelyasiya şikayəti üzrə qərar açıqlayıb. Şikayət təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər