6 Aprel 2015 14:34
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Əmirəli Yusifov ifadə verib. O, bildirib ki, 2003-cü ildə “Xudəfərin” MMC-dən ev alıb. Onun sözlərinə görə. hazırda həmin evdə yaşayır və heç bir ziyan çəkməyib. Əmirəli Yusifov şikayətçi olmadığını bildirib.

Daha sonra zərərçəkən Nihad Qurbanov ifadə verib. O, qeyd edib ki, təqsirləndirilən Abdulla Abdullayevi tanıyıb: “Mən “Xudəfərin” MMC-dən mənzil almışam, müqavilə sənədlərinə görə, pulunu da tam ödəmişəm. Müqaviləni “Xudfərin” MMC-də Anar müəllimlə bağlamışam. Bu günə kimi mənzilimi almamışam. Binanın tikintisi başa çatsa da, mənzil tam hazır olmayıb. Mənim təqsirləndirilən şəxslərə heç bir şikayətim yoxdur, ancaq mənzilimin yaşamaq şəraiti qurulmaqla təhvil verilməsini istəyirəm. Mənzilim binanın 7-ci mərtəbəsindədir, 10 ildir ki, mənzil mənə verilmir”.

Nihad Qurbanov qeyd edib ki, mənzilini ala bilməməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb: “Cavabdeh kimi “Xudafərin” MMC-ni qoymuşam. Məhkəmədə mənzilin tikintisinin başa çatması ilə bağlı qətnamə qəbul edib. Lakin bu günə kimi də məhkəmənin qətnaməsi icra edilməyib. Bununla bağlı müvafiq qurumlara müraciət etsək də, bir nəticəsi olmayıb”.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir dəfə olduğunu deyən zərərçəkənin sözlərinə görə, həmin vaxt müstəntiq tərəfindən ifadəsi alınıb. O, qeyd edib ki, Abdulla Abdullayevə qarşı şikayəti və tələbi yoxdur.

Digər zərərçəkənlər Nurəddin Əsədov, Səmayə Miriyeva, Abbasqulu İsmayılov ifadə veriblər. Onlar şikayətçi olmadıqlarını bildiriblər. Abbasqulu İsmayılov bildirib ki, onun təqsirləndirilən şəxslərə qarşı dərin iddiası yoxdur: “Mən bu binadan ev almışam, pulumu da tam ödəmişəm. Amma 11 ildir ki, bina təhvil verilməyib. Mənzilim hazırdır, qapısı da qoyulub. Amma yaşamaq üçün orada şərait belə yoxdur”.

Zərərçəkən Namiq Şeydayev bildirib ki, aldığı mənzilin pulunu tam ödəyib: “Amma mənzilin yaşamaq üçün tamamlanma işi başa çatmayıb. Buna görə də mənzilə köçə bilmirik. Mənzil qohumum Zahidə Cəfərovanın adına olub. Biz mənzilin alınması ilə bağlı müqaviləni “Xudəfərin” MMC ilə bağlamışıq. Abdulla müəllimdən şikayətim yoxdur. Məqsədim evimi almaq və orada yaşamaqdır”.

Digər zərərçəkmiş Əyyub Bağırov deyib ki, Abdulla Abdullayevi ilk dəfədir məhkəmədə görür. Onun sözlərinə görə, mənzilini alsa da, köçməsi mümkün deyil. O, da mənzilinin təhvil verilməsini istəyib.

“Texnikabank”ın nümayəndəsi Rüstəm Umudov isə Abdulla Abdullayevin vəkillərinin suallarını cavablandırıb. O, bildirib ki, kreditin verilməsi ilə bağlı danışıqlar bankın kredit şöbəsinin rəisi Samir Baxışəliyevlə aparılıb. Onun sözlərinə görə, 3 milyon manat kredit verilməsi üçün Samir Baxışəliyevə müraciət olunub. Nümayəndənin sözlərinə görə, kredit verilməsi ilə bağlı iclas keçirilib: “İclasda həmin məbləğdə kreditin verilməsi qərara alınıb və 2009-cu ilin fevralın 25-də kredit verilib. Həmin məbləğdə kreditin verilməsi ilə bağlı risk bankın üzərindədir. Buna görə də kreditin verilməsi ilə bağlı sənəddə hər hansı bir rəy yoxdur. Mən rəsmi sənədlərə istinad edərək bunları deyə bilirəm. Amma qeyri-rəsmi danışıqlar olubsa, mənim bundan xəbərim olmayıb”.

Rüstəm Umudov qeyd edib ki, Abdulla Abdullayevə və digər təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Abdulla Abdullayev bildirib ki, ipoteka olunan obyektlərdə monitoriqlərin keçirilməsi faktı olmayıb: “Bankın hüquqşünasına 100 sual verilsə də, bir cavab alımaq mümkün olmayacaq. Buna görə də hüquqşünası burada suallarla sıxmaq lazım deyil. Çünki heç bir monitorinq keçirilməyib.

Bankdan götürülən pullar təyinatı üzə xərclənib və götürülən kreditlər də vaxtında bağlanıb”.

Daha sonra zərərçəkənlər Füzuli Ələkbərov və Mahirə Abdullayeva ifadə veriblər. Onlar da “Xudafərin” MMC-dən mənzil aldıqlarını və hazırda həmin mənzillərdə yaşadıqlarını deyiblər. Hər iki zərərçəkənin şikayəti və tələbi olmadığını deyib. Məhkəmə iclası aprelin 7-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər