Bakı sakini, 1987-ci il təvəllüdlü İbrahimov Elnur Həsənpaşa oğlu başına gəlmiş dələduzluq əməli ilə bağlı Lent.az-a müraciət edib.
E.İbrahimov bildirib ki, Mustafayev Asim Xıdırnəbi oğlu adlı şəxs onun xeyli miqdarda pulunu mənimsəyib. Belə ki, fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetində təhsil alan E.İbrahimov “Odlar Yurdu” universitetinə köçürülməsini istəyib. A.Mustafayev vəzifəli qohumlarının bu məsələni həll edə biləcəyini deyib və E.İbrahimovu inandıraraq bu işi görmək üçün ondan xeyli miqdarda pul alıb. 2011-ci ilin aprelində Nizami rayonu ərazisində A.Mustafayev E.İbrahimovdan 2000, 2012-ci ilin mart ayında Təhsil Nazirliyinin yaxınlığında 2000, 2013-cü ilin yanvarında Bakı Dövlət Universitetinin yaxınlığında 2000 və 2013-cü ilin sentyabrda Bakı şəhər Baş Təhsil İdarəsinin yaxınlığında 500 manat alıb. Lakin A.Mustafayev vədinə əməl etməyərək dələduzluq edib.
E.İbrahimov qeyd edib ki, A.Mustafayev digər şəxslərə qarşı da oxşar cinayət əməlləri törədib və onun barəsində müxtəlif cinayət işləri açılıb. Nəhayət bu ilin fevralında Nəsimi rayon Məhkəməsi bütün cinayət tərkibli və mülki materialları cəmləyərək A.Mustafayevi 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Məhkəmə həmçinin qərar çıxarıb ki, A.Mustafayev vətəndaşlara vurduğu maddi zərəri ödəməlidir. Lakin E.İbrahimov bildirir ki, məhkəmənin hökmünə baxmayaraq onun verdiyi pul hələ də qaytarılmayıb: “Asimin anası məndən şikayətimi geri götürməyi xahiş etdi və oğlunun aldığı pulu geri qaytaracaqlarına söz verdi. Lakin pul hələ də qaytarılmayıb. Qadının səs yazısı da var”.
E.İbrahimov bildirib ki, ona dəymiş ziyan ödənmədiyi üçün məhkəmə hökmündən apelyasiya şikayəti vermək niyyətindədir və A.Mustafayevin daha uzun müddətə həbs edilməsini tələb edəcək.