8 Aprel 2015 16:32
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə həbsdə olan kriminal avtoritetə telefon keçirməkdə təqsirli bilinən məşhur vəkil Kamandar Rəfi oğlu Nəsibovun məhkəmə qərarından verdiyi kasasiya şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb.

Nadir Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Kamandar Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham edilib.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Kamandar Nəsibova cərimə cəzası kəsilib. Hökmdən narazı qalan Kamandar Nəsibov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamandar Nəsibovun apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasını istəyib Lakin məhkəmə Kamandar Nəsibovun şikayətini təmin etməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edib. Kamandar Nəsibov məhkəmənin ilkin baxış iclası qərarının ləğv edilməsi barədə kasasiya şikayəti verib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə kamandar Nəsibovun kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Kamandar Nəsibovun kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: