Bakı Apelyasiya Məhkəməsində mənimsəmə cinayətində təqsirli bilinən Azər Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Azər Bayramov “OTAK Turizm Otelçilik İnşaat Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyinin icarəyə götürdüyü “Central Park” mehmanxanasında 1 aprel 2013-cü il tarixdən 1 aprel 2014-cü il tarixədək satış üzrə menecer vəzifəsində çalışıb. Onun vəzifəsi otel nömrələrinin satılması müqabilində turizm şirkətlərindən alınan vəsaitlərin kassaya daxil edilməsi olsa da, şirkət rəhbərliyi tərəfindən maliyyə hesabatlarında ciddi uyğunsuzluqlar müəyyən edilib.
Buna görə “Finans Audit MMC” və “Audit Grup MMC” mehmanxanada audit yoxlaması aparmaq üçün dəvət olunub. Verilmiş audit rəyləri və turizm şirkətlərinin borclarını ödəməsi təsdiqlənəndən sonra məlum olub ki, şirkətə məxsus 369.012 manat pul vəsaiti mehmanxananın satış üzrə meneceri Azər Bayramov tərəfindən mənimsəmə yolu ilə talan edilib. Həmin mənimsəmə aşkar olunandan sonra şirkət tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə müraciət olunub. Polis idarəsində izahat və ifadə verən Azər Bayramov törətdiyi törətdiyi əməlini etiraf edib.
Əməlində cinayət tərkibi olduğuna görə Azər Bayramov barəsində toplanmış təhqiqat materialları cinayət işi başlanması üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Bakı şəhər prokurorluğunda şirkətin şikayəti əsasında toplanmış təhqiqat materialı yoxlanıb və 25 aprel 2014-cü il tarixdə Azər Bayramovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Azər Bayramovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov