Salyan rayon sakini, 1970-ci il təvəllüdlü Şəmsəddin Əsədov həmkəndlisi İlqar Nəzərovu bıçaqlayaraq öldürüb. Teleqraf.com xəbər verir ki, hadisə 19 fevral 2014-cü ildə Salyan rayonunun Alçalı kəndində qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, Şəmsəddin Əsədov həmin gecə saat 1 radələrində sərxoş vəziyyətdə kənddə yerləşən “Alçalı” restoranına gəlib. O, vaxt restoranda həmkəndliləri Fizuli Quliyev və Nizami Kərimov ilə birlikdə çay içib.
Bu zaman İlqar Nəzirov da restorana gəlib. Şəmsəddin İlqarı yanına çağıraraq onun 2007-ci ildə vəfat etmiş qaynı, həmçinin dostu olmuş Sədrəddin Zeynalovun arvadı Zərifə Zeynalova ilə intim münasibətdə olmasını iddia edib. Bu zəmində onunla arasında mübahisə yaranıb. İlqar Zərifə Zeynalovanın və onun ünvanına kənar şəxslərin yanında ucadan söyüş söyüb.
Qisas və qətl
İlqar onu qorxutmaq məqsədilə masanın üzərində olan stəkanlardan ikisini sındıraraq yeyib və Şəmsəddini döyməklə hədələyib. O, İlqar Nəzirovun təhqiredici sözlərindən bərk əsəbləşib və aralarında yaranmış mübahisədən istifadə edərək sonuncudan qisas alaraq onu öldürmək qərarına gəlib.
Şəmsəddin bufetdən siqaret alarkən İlqar Nəzirovun restorandan bayıra çıxdığını görüb. O, bu niyyətini həyata keçirmək məqsədilə həmin vaxt masanın üzərində olan bıçağı götürərək restoranın qarşısına çıxıb.
Şəmsəddin Əsədov həmin vaxt orada Nizami Kərimovla söhbət edən İlqar Nəzirova yaxınlaşıb. Bu zaman İlqar Nəzərov onun ünvanına yenə də təhqiredici ifadələr işlədib. Bundan bərk əsəbləşən Şəmsəddin özündə olan bıçaqla İlqar Nəzərova bir neçə zərbə vurub. Hadisə nəticəsində İlqar Nəzərov ölüb.
“Məni hədələdi”
Şəmsəddin Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə ifadə verən Şəmsəddin Əsədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, İlqar Nəzirov həmkəndlisi və uzaq qohumu olub: “İlqar Nəzərovla əvvəllər aramızda ədavət və ya düşmənçilik olmayıb. Baş vermiş hadisədən təxminən 15 gün əvvəl Salyan rayonunun Alçalı kəndində yerləşən “Alçalı” restoranında çay içərkən digər masada əyləşmiş İlqar Nəzirovu uca səslə yanıma çağırdım. Həmin vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı İlqar məni söyərək təhqir etdi və hədələdi. Orada olan uzaq qohumlarım Rövşən Cavadov və Füzuli Quliyev dava düşməsinə imkan vermədilər”.
“Stəkanın şüşəsini çeynəyərək uddu”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin fevral ayının 18-də əmisinin yas mərasimində iştirak etdikdən sonra saat 21 radələrində yaşadığı kənddə yerləşən kafeyə gəlib və orada pivə və araq içib: “Daha sonra siqaret alaraq evə getmək istəmişəm. Lakin kənddə olan mağazalar bağlı olduğundan siqaret almaq məqsədi ilə rayonun Alçalı kəndində yerləşən ”Alçalı” restoranına gəlmişəm. Həmkəndlilərim Füzuli Quliyev və Nizami Kərimovla orada çay içən İlqar Nəzirovu gördüm. Bu zaman İlqarla aramızda mübahisə oldu. İlqar stolun üstündə olan stəkanları götürərək dişləri ilə sındıraraq qırıntılarını çeynəyərək uddu”.
“Kişi olmama şübhə ilə yanaşaçağını dedi”
Şəmsəddin Əsədovb qeyd edib ki, Ilqar Nəzərov həmin qırıntılardan birini Nizamiyə uzadaraq onu verməsini deyib: “İlqar Nəzərov dedi ki, həmin şüşə qırıntısını udmayacağım təqdirdə kişi olmağıma şübhə ilə yanaşacağını dedi. Füzuli İlqara acıqlanaraq əlindəki stəkanı alaraq yerə çırpdı. Bu zaman İlqar ayağa qalxaraq mənə söyüş söyərək təhqiredici sözlərlə hədələdi. Nizamidən İlqarın niyə belə etdiyini soruşmaq üçün onunla bayıra çıxdım. Bayıra çıxarkən İlqarla da mübahisə etdim. Nizami İlqarın sərxoş olmasını dedi. Bu söhbətdən sonra yenidən restorana qayıtdıq. Restorana qayıdarkən İlqar masadakı nəlbəkiləri yerə çırparaq sındırdı, kənar şəxslərin yanında qaynım arvadı Zərifə Zeynalova və mənim ünvanıma söyüş söyərək məni təhqir etdi”.
“Faiqə polisə zəng etməsini tapşırdım”
Təqsirləndirilən şəxs bildirib ki, İlqar Nəzərovla mübahisə edib, orada olan şəxslər onları ayırlb: Sonra restoranın bufetində işləyən Faiq Allahverdiyevdən siqaret aldım. Faiqin başı qarışıq olduğundan bufetdəkı masanın üstündə olan bıcağı götürərək cibimə qoydum və bayıra çıxdım. İlqar və Nizaminin restoranın yaxınlığındakı piyada yol keçidində, əl-üz yumaq üçün nəzərdə tutulmuş yerin qarşısında dayandığını gördüm. Onlara yaxınlaşaraq İlqardan mənə qarşı olan münasibətinin səbəbini soruşmaq istədim. İlqar yenidən söyüş söyərək məni təhqir etdi. Buna görə əsəbiləşərək gödəkcəmin cibindən bıçağı çıxararaq İlqara iki zərbə vurdum. Füzuli qarşıma keçərək əlimdən tutduğundan bıçaq yerə düşdü. İlqarın qışqıraraq yaxınlıqdakı avtoyuma məntəqəsi istiqamətinə, Nizami isə yaxınlıqda olan ağaclığa tərəf qaçdi. Faiqə polisə zəng etməsini tapşırdım. Bıçağı cibimə qoyaraq yaşadığım evə getdim. Hadisə barəsində ailəmə məlumat verdikdən sonra isə polis şöbəsinə yollandım. Cinayəti törədərkən istifadə etdiyim bıçağı polis əməkdaşlarına təqdim etdim”.
Məhkəmənin hökmü ilə Şəmsəddin Əsədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov