9 Aprel 2015 11:38
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluq protest verdi, hökm dəyişdirildi

Şəki Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Mingəçevir şəhər sakinləri -1992-ci il təvəllüdlü Xəqani Əliyev, 1990-cı il təvəllüdlü Əkbər Tağızadə və 1997-ci il təvəllüdlü Bəxtiyar İmamverdiyevin cinayət işinə baxılıb.

İttihama görə, Əkbər Tağızadə Xəqani Əliyev və yetkinlik yaşına çatmayan Bəxtiyar İmamverdiyevlə cinayət əlaqəsinə girib. Üç nəfər ötən il noyabrın 26-dan 27-nə keçən gecə saat 3 radələrində İnqilab İsmayılovun Ağdaş şəhərində saxlanc yeri olan mağazasına daxil olub. Onlar mağazanın içərisində 266 manat dəyərində müxtəlif çeşidli siqaret, kontur və nağd pul götürərək İnqilab İsmayılova 321 manat məbləğində ziyan vurublar.

Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Bəxtiyar İmamverdiyev və Əkbər Tağızadə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilib. Xəqani Əliyev 4 min manat cərimə cəzasına məhkum olunub.

Hökmdən Baş Prokurorluq narazı qalaraq apelyasiya protesti verib. Protest baxılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Vidadi Cabbarov bildirib ki, Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Bəxtiyar İmamverdiyev Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ona həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunub: "Sınaq müddəti ərzində Bəxtiyar İmamverdiyeva hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılıb. Xəqani Əliyev də Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinib və 4 min manat cərimə cəzasına məhkum edilib.

Ağdaş Rayon Məhkəməsinin hökmü Bəxtiyar İmamverdiyev və Xəqani Əliyev barədə ittiham olunduqları maddənin sanksiyası həddində daha ağır cəza verilməklə dəyişdirilməlidir.

Xəqani Əliyev mülkiyyət əleyhinə olan az ağır cinayət kateqoriyasına aid, qəsdən, yaşayış sahəsinə daxil olmaqla, planlaşdırılmış şəkildə qrup halında oğurluq cinayəti törədib. Məhkəmə Xəqani Əliyevə cərimə cəzası təyin etməkdə haqlı olmayıb. Cəza təyin olunarkən Xəqani Əliyevin ilk dəfə az ağır cinayət əməli törətməsi, təqsirini etiraf edərək əməlindən peşmanlıq keçirməsi, cavanlığı, himayəsində azyaşlı uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə alması, vurduğu ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınıb".

Prokurorun sözlərinə görə, Xəqani Əliyevin təqsirini könüllü boynuna almayıb, cinayətin üstünün açılmasına fəal kömək göstərməyib: "Belə olan halda məhkəmə onun "əməlini etiraf etməsini" cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı deyil. Bundan başqa, məhkəmə Xəqani Əliyevə cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını da yüngülləşdirici hal kimi qeyd edib. Halbuki yaşayış yerindən müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir.

Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini pozaraq, nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmayıb. Xəqani Əliyevin müsbət xarakterizə olunması və bunun nədə ifadə edilməsi, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva eləyən hansı cəhətlərin mövcudluğu məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməyib.

Məhkəmə istintaqı zamanı hər üç təqsirləndirilən şəxs cinayət əməlini borclarının olması səbəbindən törətdiklərini bildiriblər və hazırda heç bir işlə məşğul olmadıqlarını söyləyiblər. Məhkəmə Xəqani Əliyevin əmlak vəziyyətini nəzərə almayıb. Yəni onun maddi vəziyyəti və himayəsində bir azyaşlı uşağının olması, cinayəti məhz maddi imkansızlığa görə törətməsinə baxmayaraq, ona 4000 manat cərimə cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin əmlak vəziyyəti nəzərə alınmadan məhkəmə tərəfindən ona təyin edilmiş cərimə cəzası, cəzanın məqsədinə aid Cinayət Məcəlləsinin 41-ci maddəsinin tələblərini pozub, məhkum tərəfindən gələcəkdə yeni cinayətin törədilməsinə şərait yaradıb. Məhkəmənin hökmünə əsasən, Xəqani Əliyevin 4000 manat cərimə cəzasının məhkum edilməsi göstərilsə də, hökmdə cərimə cəzasına hansı müddətə ödənilməsi qeyd edilməyib".

Vidadi Cabbarov daha sonra qeyd edib ki, Bəxtiyar İmamverdiyevin barəsində təyin olunan cəza da ədalətli deyil. Prokurorun sözlərinə görə, məhkəmənin hökmdə sınaq müddətinin əvvəlinin hansı vaxtdan hesablanması göstərilməyib: "Beləliklə, qanun norması düzgün tətbiq edilməyib".

Təqsirləndirilən şəxslər və onların vəkilləri prokurorun protestinə etiraz ediblər.

Tərəflərin fikirlərini öyrənən hakimlər sonda prokurorluğun protestini təmin edən qərar çıxarıblar.

Qərara görə, Xəqani Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunub Bəxtiyar İmamverdiyev barəsində təyin edilmiş cəza hökmü qanuni qüvvəsinə mindiyi gündən, yəni apelyasiya məhkəməsinin qərarı qəbul edilən gündən hesablanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər