Daxili İşlər Nazirliyi Lənkəranda baş verən iki ağır yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisələrdən biri aprelin 12-də saat 21 radələrində Lənkəran rayonunda qeydə alınıb.
Rayon sakinləri Rəhman Sadıqovun idarə etdiyi “VAZ-21074” və Şamil Qasımovun idarə etdiyi Lənkəran rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə R.Sadıqovun sərnişinlərindən qızı Zəhra hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.
Daha bir yol qəzası həmin gün saat 23 radələrində Lənkəran rayonunun Gərmətük kəndində baş verib. Rayon sakinləri Xəzail Hüseynovun idarə etdiyi “VAZ-21063” və Rövşən Gənciyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə X.Hüseynovun sərnişinlərindən Xalidə İbadova hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov