Xızıda baş vermiş qətl hadisəsini törətməkdə təqsirləndirilən Şirvan Dəmiryolu Xətt Mühafizəsinin əməkdaşlarından biri şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə APA TV-yə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib. İstintaq sirri olduğundan, hələlik saxlanılan mühafizəçinin adı açıqlanmır.
Xatırladaq ki, Xızı rayonunda, Yaşma bağları tərəfdə bir nəfərin başından güllə yarası almış meyiti aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, 29 yaşlı Rasim Yasin oğlu Qurbanov Şirvan Dəmiryolu Xətt Mühafizəsinin əməkdaşları tərəfindən güllələnib. İlkin ehtimala görə, Rasim Qurbanov ərazidə heyvan otarırmış. Heyvanlarından bir neçəsi itib və çoban onların axtarışına başlayıb. Şirvan dəmiryolunun ərazisinə daxil olduqda mühafizəçilər çobana “Dur” əmri veriblər, əmrə tabe olmayan çoban qaçmağa başlayıb. Bu zaman mühafizəçilərdən biri onu oğru zənn edərək atəş açıb. Öldüyünü yəqin etdikdən sonra çobanın meyitini Sumqayıt ərazisinə aparıblar.