Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Şakir Niyazov ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxsləri tanımır. “Xudafərin” MMC-dən ev aldığını deyən zərərçəkmiş narazılığının binanın gec təhvil verilməsindən olduğunu deyib və təqsirləndirilənlərə qarşı maddi tələbinin olmadığını bildirib. Ağayev Orxan da eyni məzmunlu ifadə verərək, tələb və şikayətinin olmadığını deyib.
Dilşad Əhmədova bildirib ki, müqavilə əsasında ödədiyi pula görə məzil verilib, hətta təmir də edib. Lakin bina tam hazır olmadığı üçün yaşamaq mümkün deyil. Rəna Axundovanın sözlərinə görə, bina tam komplektləşdirilməyib. Bu səbəbdən də yaşamaq mümkün deyil. O, evini tam hazır tələb etdiyini bildirib. Vəkillər isə ona bildiriblər ki, binanın tam hazır olmaması müqavilə öhdəliklərinin tam yerinə yetirilməməsidir və buna görə mülki qaydada məhkəmədə iddia qaldırılmalıdır.
Eynur Hacıyev bildirib ki, mənzil almaq üçün müqaviləni “Xudafərin” MMC-də Anar adlı şəxslə bağlayıb. 2003-dən müqavilə bağlandığını deyən zərərçəkmiş binanın yaşamağa hazır vəziyyətdə olmamasından narazı olduğunu deyib. Vəkillərin suallarına cavab olaraq o, bildirib ki, müqaviləni oxumayıb və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməyib.
İsgəndər Bayramov 2004-cü ildən “Xudəfərin” MMC-dən mənzil aldığını qeyd edib. İlyas Babayev da mənzilini aldığını, lakin binaın tam təhvil verilmədiyini deyərək, işlrin tamamlanmasını istəyib. Əlifağa İsmayılov bildirib ki, binanın gec təhvil verilməsi ilə bağlı dəfələrlə Abdulla Abdullayevlə görüşüb. O, bildirib ki, müştərilərdən əlavə pul toplanaraq binada işlərin tamamlanması ilə bağlı təkliflər versələr də, Abdulla Abdullayev tərəfindən qəbul edilməyib.
Növbəti məhkəmə prosesi aprelinin 17-də davam etdiriləcək.
Hacı Zeynalov