Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı CM-nin 124.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən Firuz İbrahimova hökm oxunmazdan öncə zərərçəkən tərəfin hüquqi nümayəndəsi Səməd Vəkilov son çıxışını edib.
Teleqraf.com ictimai əhəmiyyətini nəzərə alaraq, çıxışı təqdim edir:
Hörmətli hakim, hörmətli proses iştirakçıları!
Son illər həkim səhlənkarlığından dünyasını dəyişən şəxslərin sayının durmadan artması bu tendensiyanın qarşısının alınmasını zəruri edir. Səhlənkarlıq edən həkimlərə qarşı bəzi hallarda cinayət işinin başlanmaması, bəzi hallarda isə cinayət işlərinin əsassız olaraq xitam olunması qurbanların sayının artmasına səbəb olur. Bu gün burada mühakimə olunan anesteziloq Firuz İbrahimovun simasında bir ananın, bir ziyalı xanımın - Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş üç həkimin - Mahir Məmmədov, Fərəcullah İdrisov və Firuz İbrahimovun ədalət mühakiməsinə bu konteksdə yanaşdıqda görürük ki, bu, fərdi cinayət hadisəsi kimi deyil, ictimai təhlükəlilik dərəcəsinə və nəticələrinə görə çox təhlükəlidir.
Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş həkimlərin cinayət işi xüsusi ictimai əhəmiyyət daşıyır. Mənəvi və hüquqi amilləri özündə ehtiva edən bu cinayət hadisəsi ilk günlərdən ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Həkim səhlənkarlığının qurbanına çevrilmiş Elnarə Niftəliyevanın həm ziyalı, həm də iki azyaşlı qızın - Nəsibə Xatun və İncinin anası olması faktı ictimaiyyətin həssaslığını daha da artırmışdır.
Xüsusi ilə zərəçəkmiş Anar Niftəliyevin mövqeyi əvvəlcədən bu mənada diqqətəlayiq olmuşdur. Onun mövqeyi şəxsi qisas hissindən qaynaqlanmır. Belə ki, zərəçəkmiş Anar Niftəliyevin mövqeyinə görə, bu hadisədən hazırda o və iki körpə qızı Nəsibə Xatun və İnci və digər yaxınları zərər çəkibsə, adekvat cəzalandırma yalnız və yalnız bu cür cinayətin gələcəkdə digərlərinin qapısının döyməməsi üçündür: həkim səhlənkarlığı Nəsibə Xatun və İncini ana şəfqətindən məhrum etdiyi kimi, digər insanları da belə faciələrlə üz-üzə qoymasın. Şübhəsiz ki, cinayət törətmiş həkimlərin cəzalandırılması heç kimin yarasına məlhəm olmayacaq.
Hər bir fərdin mənəvi cəhətdən tam təmin olunmaması cəmiyyətin harmoniyasının pozulmasına gətirib çıxarır. Bu cinayət hadisəsi nəticəsində iki körpə qız uşağının ana şəfqətindən məhrum olması bütövlükdə cəmiyyətin harmoniyasının pozulmasına ciddi təsir edir. Təqsirkar şəxslərin adekvat cəzalandırılması isə gələcəkdə cəmiyyətin bütövlüyünü qorumaqla, bu cür hadisələrin qarşısını almağa yönəlmiş olacaqdır.
Heç bir halda ehtiyatsızlıqdan adam ölümünə səbəb olmuş bu əməlin Cinayət Məcəlləsində nəzərdə tutulan sanksiyasını (3 il azadlıqdan məhrum etmə) ictimai təhlükəli əmələ adekvat hesab etmirik. Gələcəkdə bu məsələnin ictimai müzakirəsinin keçirilməsini vacib sayırıq.
Hüquqi baxımdan mühakimə edilən Firuz İbrahimovun məsuliyyətə cəlb edilməsi digər iki həkimin mənəvi və hüquqi məsuliyyətdən azad olunması anlamına gəlmir. Müvəkkilim Anar Niftəliyevin cinayət hadisəsindən sonra rəyi birmənalı olaraq belə idi ki, mərhum həyat yoldaşı Elnarə Niftəliyevanın ölümünə səbəbkar, başda Fərəcullah İdrisov olmaqla, hər üç həkimdir. Lakin bizim bu mövqeyimiz özünü təmizə çıxarmağa cəhd edən böyük bir həkim şəbəkəsi ilə qarşılaşdı. Və nəticədə həkimlər öz aralarından onların da məsuliyyətini daşıyacaq bir şəxs seçdilər - anestezioloq Firuz İbrahimovu.
Şübhəsiz ki, Firuz İbrahimovun hüquqi və mənəvi məsuliyyəti danılmazdır və ən azı məsuliyyətə cəlb edilməmiş Mahir Məmmədov və Fərəcullah İdrisov qədərdir. Lakin hər dəfə cinayət işinin materialları ekspertiza üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinə təkrarən göndəriləndə həkimləri məsuliyyətdən yayındırmağa çalışan şəbəkə ilə qarşılaşdıq. Bu səbədən məhz bu gün burada 3 həkimdən yalnız biri - Firuz İbrahimov mühakimə olunur.
Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, hakim məhkəmə istintaqı zamanı araşdırdığı sübutlara qiymət verir. Məhkəmə istintaqının gedişində biz ibtidai istintaqda irəli sürülmüş ittihamın özünü o qədər də doğrultmadığının şahidi olduq. Həmçinin müvəkkili olduğum Anar Niftəliyevin Səhiyyə Nazirliyinə göndərdiyi rəsmi sorğuya cavab olaraq verilmiş rəsmi məktubda ölüm faktına görə bütün tibb personalının məsuliyyət daşıdığı bildirilsə də, sonrakı proseslərdə Səhiyyə Nazirliyinin ekspertləri həkimlərin məsuliyyətdən yayındırılmasında xüsusi canfəşanlıq etdilər. Məhkəmə prosesi zamanı dindirilən ekspert həkim Vaqif Rəhimov yüksək peşəkarlıq və intellektual cavabları ilə ekspert rəyinin həkim şəbəkəsi tərəfindən təəssübkeşlik və subyektiv maraqlarla qəbul edildiyini bir daha sübut etmiş oldu.
Lakin biz prokurorluq tərəfindən nüfuz davasına çevirləcəyini və o cümlədən, yenidən həkim şəbəkəsi ilə qarşılaşacağımızı bildiyimiz üçün işin yenidən ibtidai istintaqa qaytarılmasına cəhd etmədik.
Şahid qismində dindirilmiş cərrah Mahir Məmmədov ibtidai istintaqda verdiyi ifadələri məhkəmə istintaqında təkzib etdi. Mənim M.Məmmədova “Siz ibtidai istintaqda təqsirləndirilən şəxsin öz vəzifələrini yerinə yetirmədiyini söyləmisiniz, burada isə Firuz İbrahimovun öz vəzifələrini yerinə yetirdiyini bildirirsiniz, bunu nə ilə izah edərsiniz” - sualımı cavablandıra bilməməsi də proses iştirakçılarının diqqətindən kənarda qalmadı.
Digər şahid İdrisov Fərəcullah Sədullah oğlu da ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, əməliyyat zamanı assistent kimi vəzifəsi Mahir həkimə köməklik etməkdən, yəni cərrah kəsik apardıqdan sonra yaranan qanaxmasının qurudulması, yara sahəsinin açılması, tikiş qoyulan vaxtı tikişlərin düyünləməsini təmin etməkdən ibarət olmuş, sağ süd vəzisində əməliyyat təxminən 10-15 dəqiqəyə başa çatdıqdan sonra sol süd vəzisinin üzərində kəsik aparılarkən Mahir həkim nəsə baş verdiyini hiss edib monitora baxmaq istədikdə, monitor anestezioloqa tərəf çevrili olduğuna görə əyilib monitora baxmış, nə baş verdiyini xəstənin başı tərəfdə ayaq üstə olan Firuz həkimə deyəndə, o, “narahat olmayın, yəqin ki, daççik boşalıb, indi düzəldərəm” cavabını vermişdir. Firuz həkim həmin vaxt monitorun yanında olmasına baxmayaraq, göstəricilərin vəziyyətini nəzərdən qaçırmış, Mahir həkimin sözlərindən sonra xəstənin barmağına taxılmış və monitora göstəriciləri ötürən qurğunu nəzərdən keçirmiş, aparat tərəfdən verilən havanı təcili artırmağa başlamış, bunun xeyri olmadığını görərək süni tənəffüs aparatını ayırıb intubasion boru vasitəsi ilə ağzı ilə nəfəs verməyə başlamış, həmin vaxt Mahir həkim xəstənin ürək döyüntülərini yoxladıqda xəstənin ürək döyüntülərinin olmadığını, yəni ürəyin dayandığını görüb ona bildirmiş, artıq həmin vaxtı xəstənin əlində və sifətində göyərmə əlamətləri olmuş, dəfələrlə Firuz həkimdən nə kömək lazım olduğunu soruşsa da, başı xəstəyə qarışdığına və onun ürəyinin masajı ilə məşğul olduğuna görə cavab verməmiş, həmin ərəfədə reanimasion tədbirlərin effektsiz olduğunu görüb artıq həkim kimi vəziyyətin yaxşı olmadığını başa düşüb, əməliyyat otağından çıxaraq xəstənin adamlarına narahatlığını bildirmişdir.
Lakin məhkəmə istintaqı zamanı Fərəcullah İdrisov tamamailə əksinə ifadə vermişdir. Bildirmişdir ki, o, əməliyyat zamanı elə bir vəziyyətdə olmuşdur ki, onun monitoru görməsi texniki baxımdan mümkün olmamışdır. Dəfələrlə zərərçəkən tərəfin və hakimin dəqiqləşdirməsindən sonra sədrlik edən hakim İdrisovun ibtidai istintaqa verdiyi ifadəsini elan etmiş və soruşmuşdur ki, sizin ifadələriniz ziddiyət təşkil edir, hansı daha doğrudur? F.İdrisov bildirmişdir ki, o ibtidai istintaqa verdiyi ifadədən imtina edir, onun məhkəmə istintaqı zamanı verdiyi ifadə doğrudur.
Ümumiyyətlə, Fərəcullah İdrisovun hamının gözü qarşısında məhkəmə heyətinə hörmətsizliyi, o cümlədən özünü məhkəmə prosesində əsl cinayətkar kimi aparması, heç bir təhlükə hiss etmədən ibtidai istintaqa verdiyi ifadədən imtina edərək, həmin ifadəni təkzib edən ifadə verməsi və s. hərəkətlərinin hökm qəbul edilərkən işə baxan hakim tərəfindən müşavirə otağında dəyərləndirilməsini zəruri hesab edirik.
Hörmətli hakim!
Məhkəmə prosesində vəsatət verərək F.İdrisovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə ibtidai istintaq zamanı bilə-bilə yalan ifadə vermə cinayəti törətməsini nəzərə alaraq, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görmənizi xahiş etmişdik. Hökm qəbul edərkən bu halı qiymətləndirərək hökmdə əksini tapmasını xahiş edirik.
Bildiyiniz kimi, hazırkı cinayət işi üzrə şahid F.İdrisov barəsində Azərbaycan Cinayət məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi ayrılaraq Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Hazırda Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin nəzarəti ilə Bakı şəhər Baş Polis İdarəsində açılmış bu cinayət işinin istintaqı aparılır. İbtidai istintaqa yalan ifadə verən F.İdrisovun şəxsiyyətini xarakterizə edərkən bu xüsusatları nəzərə almağınızı xahiş edirik.
Yuxarıda göstərilənləri nəzərə alaraq, anestezioloq həkim Firuz İbrahimovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1, 320.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm qəbul edərkən törədilmiş cinayətin cəzasının adekvat verilməsini və o cümlədən, F.İbrahimovun başqalarına da zərər yetirməsinin qarşısını almaq üçün onun həkim fəaliyyətinə məhdudiyyət qoyulmasını xahiş edirik.