Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, aprelin 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Yusif Cəfərovun evində qohumu, Gürcüstan vətəndaşı Ceyhun Kalov münaqişə zəminində ona və arvadı Ofeliyaya bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Kalov tutulub.
Qeyd edək ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində ərlə arvadın bıçaqlanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Rayon hüquq mühafizə orqanlarına paytaxt sakini Yusif Cəfərovun və onun həyat yoldaşı Ofeliya İlyasovanın ağır bıçaq xəsarətləri alması barədə xəbər 3 saylı şəhər klinik xəstəxanasından daxil olub.
Müəyyən olunub ki, hər iki şəxsin vəziyyəti ağır olduğundan dərhal cərrahi əməliyyat olunublar. Yaralılara bıçaq xəsarətlərinin döş qəfəsindən yetirildiyi deyilir. Hadisənin təfərrüatlarının araşdırılması isə rayon polisinə həvalə edilib.
İlkin məlumata görə, Yusif Cəfərovla Ofeliya İlyasovanı kürəkənləri bıçaqlayıb. Bu, hələlik qonşuların bildirdiyi ifadələr əsasında ortaya çıxan versiyadır. Qonşuların sözlərinə görə, Oktyabr küçəsində yaşayan Cəfərovların kürəkəni aprelin 16-da, günorta saatlarında onlara gəlib və ailədaxili münasibətlər zəminində mübahisələri yaranıb. Mübahisə gecə yarısına qədər uzanıb və sonda ərlə arvadın bıçaqlanması xəbəri gəlib. Kürəkənin sonradan hadisə yerini tərk etdiyi də deyilir.
Hacı Zeynalov