Daxili İşlər Nazirliyi paytaxtda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Bəxtiyar Hüseynova ov tüfəngindən atəş açmış Bakı şəhər sakini Abbas Dünyamalıyev tutulub.
Qeyd edək ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Bəxtiyar Hüseynov odlu silahla hər iki ayağından güllələnib. Yaralı yaxınları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan Bəxtiyar Hüseynov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Keçirilən əməliyyat zamanı 1985-ci il təvəllüdlü Abbas Dünyamalıyev tutulub. Cinayəti törətməkdə şübhəli bilinən Abbas Dünyamalıyev ifadəsi zamanı Bəxtiyar Hüseynovu onun həyat yoldaşı haqqında təhqiramiz ifadələr işlətdiyinə görə güllələdiyini bildirib.
Belə ki, saxlanılan Abbas Dünyamalıyevin həyat yoldaşı Bəxtiyar Hüseynovun ilk arvadı olub. Onlar ayrılandan sonra Abbas Dünyamalıyev Bəxtiyar Hüseynovun keçmiş həyat yoldaşı ilə ailə qurub. Bəxtiyar Hüseynov qonşuları arasında keçmiş həyat yoldaşı, yəni Abbas Dünyamalıyevin indiki arvadı barədə xoşagəlməyən ifadələr işlədib. Bu isə sonda onun güllələnməsi ilə nəticələnib.
Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.
Qeyd edək ki, hadisə zamanı güllələnən Bəxtiyar Hüseynov orta məktəb müəllimidir.
Hacı Zeynalov