17 Aprel 2015 16:27
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Dövlət Yol Polisi İdarəsi əməkdaşının öldürməkdə təqsirli bilinən Hüseyn İsmayılovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozan “VAZ 2107” markalı 10 MN 839 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü İsmayılov Hüseyn Rəfail oğlu həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən Yol Polis Xidməti Alayının inspektorları Ədalət Paşayev və Əhliman Səmədovun qanuni tələblərinə tabe olmayıb və yol hərəkəti qaydalarını pozmaqda davam edib.

Polis əməkdaşları sürücünün qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə Böyükşor şosesində xidmət aparan YPX əməkdaşlarına xüsusi rabitə vasitəsi ilə məlumat veriblər. Hüseyn İsmayılov avtomobili daha yüksək surətlə idarə edib, onu saxlamaq üçün yolun kənarında dayanmış YPX əməkdaşı Mehman Kərimovu vurub və hadisə yerindən qaçıb. Mehman Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə cinayət işi açılıb. Lakin istintaq dövründə Hüseyn İsmayılova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilən Hüseyn İsmayılov cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Qərardan narazı qalan Hüseyn İsmayılov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Hüseyn İsmayılovun kasasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər