Sumqayıt şəhərində iki qadın oğlan üstündə davaya çıxıblar. Onlardan biri digərinə xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə ötən il aprelin 30-da, saat 19:00 radələrində Sumqayıt şəhərində, "Təzə Avtovağzal"ın ərazisində törədilib. Belə ki, şəhər sakini Nərmin Muradova Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən avtobusda özü ilə gətirdiyi sirkə turşusunu Gülnar Hacıyevanın sifətinə atıb. Nəticədə Gülnar Hacıyevanın alın, burun, sol gözaltı nahiyyələri, çənə və sol yanaq nahiyyələri yanıb. Ona xəstəxanada tibbi yardım göstərilib. Buna baxmayaraq, Gülnar Hacıyevanın sifəti tanınmaz hala düşüb.
“Elnurla kafedə tanış oldum”
Nərmin Muradova Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elman Məmmədovun icraatında araşdırılıb.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Nərmin Muradova ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2013-cü ilin noyabr ayında Elnur Allahverdiyevlə işlədiyi “Sultan” kafesində tanış olub: “Elnur bir neçə dəfə həmin kafeyə gəlib-gedib. Sonradan bir-birimizə telefon nömrələrimizi verdik və görüşməyə başladıq”.
“Elnurla Gülnarın əl-ələ tutub oturduqlarını gördüm”
Nərmin Muradovanın sözlərinə görə, 2014-cü ilin aprel ayına kimi Elnurla görüşməyə davam edib: “Bu müddətdə Elnuru sevmişəm. Elnurun dostu Elcan, Elnurun Bakı şəhərində yaşayan bir qızla oturub-durduğunu mənə dedi. Mayın 30-da, saat 17 radələrində Elnurun Sumqayıt şəhərində işlədiyi telefon mağazasına gəldim. Orada Elnurun adını sonradan bildiyim Gülnarla əl-ələ tutaraq oturduğunu gördüm”.
“Atam və anam nəsə bilsə, mənə dayaq olacaqlar”
O, bildirib ki, Elnurdan həmin qızın kim olduğunu soruşub: “Elnur mənə cavab vermədi. Elnura dedim ki, neçə gündü bu qıza görə mənimlə dalaşırsan. Bu sözləri deyəndən sonra oradan uzaqlaşdım və yaxınlıqda dayanaraq qızın oradan çıxmasını gözlədim. Bir müddət sonra Elnur çıxaraq ərzaq mağazasına getdi. Gülnarın yanına getdim. Ona dedim ki, eşitmişəm sən Bakıda qalırsan və Elnurla görüşürsən, sənin atana və anana bildirsəm, sənə necə təsir edər. Gülnar isə “atam və anam nəsə bilsə, mənə dayaq olacaqlar, amma sən, atan və anandan xəbərsizsən” dedi. Gülnarın bu sözü mənə pis təsir etdi. Gülnara bu sözlərin hayfını çıxacağımı deyərək mağazadan çıxdım”.
Nərmin Muradovanın sözlərinə görə, əvvəl qayçı alaraq Gülnarın saçını kəsmək bardə fikirləşib: “Sonra isə fikrimi dəyişərək Gülnarın mənə dediyi sözlərə görə sirkə turşusu alıb, ağzına tökərək onu yandırmağı fikirləşdim. Ona görədə mağazadan sirkə turşusu aldım. Elnurun mağazasının yaxınlığında olan valyutadəyişmə məntəqəsinin yanında oturub Gülnarın çıxmasını gözlədim. Həmin ərəfədə Elnur ilə Gülnar mağazadan çıxaraq avtovağzala tərəf getdi. Mən də onların arxasınca getdim. Avtovağzalda Gülnar avtobusa mindikdən sonra Elnur getdi. Avtobusa minib əlimdə olan sirkəni açaraq Gülnarın ağzına tökmək istədim. Lakin həmin vaxt sirkə Gülnarın üzünə töküldü. Bundan sonra avtobusdan düşdüm və getdim”.
“Tez-tez görüşüb, sevişmişik”
Zərərçəkmiş şəxs qismində dindirilmiş Gülnar Hacıyeva bildirib ki, 22 aprel 2014-cü il tarixdə, Sumqayıt şəhər avtovağzalında avtobusdan düşdükdən sonra Elnur adlı şəxslə tanış olub: “Həmin vaxt bir-birimizə mobil nömrələrimizi verdik. Elnurla mobil telefon vasitəsi ilə əlaqə saxlamışıq. Həmçinin tez-tez görüşüb, sevişmişik”.
Gülnar Hacıyevanın sözlərinə görə, aprelin 30-da, saat 19 radələrində Elnurun işlədiyi telefon mağazasına gedib: “Bir yerdə oturub söhbət edən zaman sonradan adını bildiyim Nərmin mağazaya gəldi. Həmin qız Elnura “bu qız nədi, hər şey buna görədi” deyə bildirdi. Elnur isə Nərminə dedi ki, sənə demişdim, mənim həyatımda başqa biri var, heç bir söz-söhbət etməyin adı yoxdu, çıx get. Elnurun sözündən sonra Nərmin oradan uzaqlaşdı. Elnurla bir az söhbət etdikdən sonra bir yerdə Sumqayıt şəhər avtovağzalına getdim. Elnur məni Bakı-Sumqayıt avtobusuna mindirdi və oradan uzaqlaşdı. Bundan sonra Nərmin avtobusa mindi. O, mənə yaxınlaşaraq “o qız sənsən” deyə soruşdu. Onun nə dediyini başa düşmədim. Ondan nə demək istədiyini soruşdum. Bu zaman Nərmin Muradova əlində tutduğu şüşə butulkada olan sirkə turşusunu üzümə atdı. Bundan sonra təcili tibbi yardım avtomobili ilə məni Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına apardılar”.
“Dedim ki, səninlə aramda heç bir münasibət yoxdur”
Cinayət işində adı hallanan Elnur Allahverdiyev iş üzrə şahid qismində dindirilib. O, bildirib ki, Nərmin Muradovanı 2013-cü ilin noyabr ayından tanıyır, onunla yaxşı münasibəti olub: “Lakin 2014-cü ilin aprel ayından Nərminlə münasibətim korlandığı üçün ona bir daha mənə zəng etməməsini bildirdim. Gülnar Hacıyevanı təxminən 2014-cü ilin aprel ayının ortalarından tanımışam, onunla ciddi münasibətim olub. Aprelin 30-da, saat 16 radələrində Gülnarı oxuduğu universitetdən götürdüm və bir az gəzdikdən sonra Gülnarla birlikdə işlədiyim telefon dükanına gəldim. Gülnarla söhbət etdikdən sonra Nərmin də telefon mağazasına gəldi. Nərmin Gülnarı orada gördükdə təəccübləndi. Nərminə dedim ki, niyə təəccüblənirsən, səninlə aramda heç bir münasibət yoxdur. Nərmin mənə bir saatdan sonra zəng edəcəyini dedi. Ona "zəng edərsən" dedim. Bundan sonra dönər almağa getdim. Dönər alandan sonra mağazaya qayıtdım. Gülnarla dönəri yedikdən sonra onu Sumqayıt avtovağzalına apardım və Bakıya yola saldım. Gülnarı avtobusa mindirdikdən sonra geri qayıtdım. Təxminən 4-5 dəqiqə sonra Gülnar zəng vuraraq avtovağzala qayıtmağımı istədi. Bu zaman avtovağzala qayıtdım. Həmin vaxt Gülnarın üz nahiyəsinə sirkə turşusu töküldüyünü bidım. Gülnardan nə olduğunu soruşdum. O, Nərminin üzümə sirkə turşusu atdığını dedi”.
Sevgilisini qızla tutdu, islah işləri cəzası aldı, amma...
Hakim şahidləri dinlədikdən sonra hökm elan edib. Məhkəmə Nərmin Muradovanın ittiham olunduğu maddəni dəyişib və ona Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edib və o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Məhkəmənin bu qərarı icra edilərsə, Nərmin Muradova Sumqayıt şəhərində kafeləri süpürməklə cəzasını çəkmiş olacaq.
Amma prokurorluq bu cəza ilə razı olmayıb və Nərmin Muradovanın həbs edilməsi üçün protest verib. Baş Prokurorluğun protestində Sumqayıt Şəhər Məhkəməsinin hökmünün ləğv edilməsi istənilib. Prokurorluğun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib və Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən, Nərmin Muradova 5 ay 28 gün müddətinə azadıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib və cəzasının əvvəli 18 fevral 2015-ci il tarixdən hesablanıb. Sevgilisini əldə etmək üçün başqa bir qızın sifətini tanınmaz hala salan Nərmin Muradova cəzasını avqustun 15-də başa vuracaq. Amma Gülnar Hacıyeva Sumqayıt Dövlət Universitetində təhsil alsa da, üzündə olan ləkələr bu hadisəni ona heç vaxt unutdurmayacaq.
Hacı Zeynalov