Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.
İdarədən Teleqraf.com-a verilən məlumata görə, hadisə aprelin 20-də, saat 10 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, qəsəbənin H.Məmmədquluzadə küçəsində yerləşən evdə ailə məişət zəminində yaranmış mübahisə nəticəsində “Toz-34” markalı 12 çaplı qoşalülə ov tüfəngindən atəş açaraq arvadı Heyran Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 1-ci qrup əlil, 1949-cu il təvəllüdlü İsgəndər Abbas oğlu Məmmədov tutulub.
Qeyd edək ki, qəsəbə sakini, iki ayağı olmayan 65 yaşlı İsgəndər Məmmədov ov tüfəngi ilə özünü öldürmək istəyib. Bu zaman onun qarşısına 60 yaşlı həyat yoldaşı Heyran Məmmədova keçib. Nəticədə kişi ehtiyatsızlıqdan həyat yoldaşını güllələyib. Qadın aldığı xəsarət nəticəsində ölüb.
Hacı Zeynalov