Bakı Kompüter Kollecinin Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilir.
İttihama görə, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Kollecin Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alıb. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
İstintaq-əməliyyat tədbirləri zamanı Ələddin Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.
Ələddin Səfərov Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir. Prosesdə Ələddin Səfərovun anket məlumatları dəqiqləşdirilib, daha sonra ona hüquq və vəzifələri izah edilib. Sonra Ələddin Səfərovun vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxs həbs olunan zaman rüşvət verən Heyranə adlı qadının məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. O, bildirib ki, həmin şəxs ibtidai istintaq zamanı şahid qismində dindirilsə də, istintaq orqanı onu şahidlər siyahısına əlavə etməyib.
Prokuror həmin şahidin dinidirlməsinə etiraz etməyib. O, qeyd edib ki, cinayət işi üzrə əsas şahidlər dindiriləndən sonra həmin şahidin dindirilməsi təmin edilə bilər. Prokuror cinayət işinin məhkəmə baxışına təyin edilməsi də istəyib. Əkləddin Səfərov və onun vəkili cinayət işinin məhkəmə baxışına təyin edilməsinə etiraz etməyiblər. Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirə otağına yollanıblar. Bir neçə saatlıq müşavirədən qayıdan hakimlər müdafiə tərəfinin vəsatətini təmin ediblər. Hakimlərin səsləndirdiyi qərara görə, əsas şahidlər dindiriləndən sonra əlavə şahidin dindirilməsi təmin ediləcək. Məhkəmənin baxış iclası aprelin 30-na təyin edilib.
Hacı Zeynalov