Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Nadir, Əziz və Cahid Qədəşovların cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin avqustun 25-də Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayevı, 1962-ci ildə doğulan Tərlan Abdullayev, onun övladı 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb.
Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayev dünyasını dəyişib.
İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
İttihama görə, hadisədən bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec saatlarda, səhərə yaxın qayıdıb. Buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın valideynləri, hətta qızın valideynləri belə qarışıb. Onlar isə özlərini çox gözlətmədən qudalarının evində peyda olublar. Qarşılıqlı ittiham və təhqirlər davam edib, qohumlar münasibəti aydınlaşdırmadan ayrılıblar.
Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlib. Qalmaqal davam edir. Münaqişə isə Nadir Qədişovun bıçaqla bacısının qaynanasını öldürməsi, qaynını yaralanması ilə nəticələnib. Hətta hadisə vaxtı Cahid Qədişov da yaralanıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 4-nə təyin edilib.
Hacı Zeynalov