Aprel ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, onların 24 nəfəri Azərbaycan, 6 nəfəri İran, 3 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Ukrayna vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 12 halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan dörd cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd optik nişangah, 3.700 ABŞ dolları, 270.000 RF rublı, 11.000 AR manatı, 539.000 İİR rialı, 21 baş iri buynuzlu heyvan, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mobil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4000 ədəd qarmaq, 15716 ədəd müxtəlif dərman preparatları, 3000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb.
BƏXTİYAR