Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələri yaymaqda ittiham olunan 1968-ci il təvəllüdlü Seyran Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Seyran Şirinov istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0.198 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib.
Seyran Şirinov 4 oktyabr 2014-cü il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi M.Müşviq küçəsində Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməliyyatçıları tərəfindən saxlanılıb. 2-ci polis bölməsinə gətirilən Seyran Şirinovun üzərinə baxış keçirilib. Baxış zamanın onun üzərindən 0.198 qram narkotik vasitə olan heroin aşkar olunub.
Seyran Şirinov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən apelyasiya protesti verən Baş Prokurorluq Seyran Şirinovun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxs də apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilib və Seyran Şirinovun əməlində cinayətlərin təhlükəli residivi olması müəyyən edilib. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov