12 May 2015 17:50
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Bakı Kompüter Kollecinin şöbə müdiri Ələddin Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Kollecin Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alıb.

O, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. İstintaq-əməliyyat tədbirləri zamanı Ələddin Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Ələddin Səfərov Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ələddin Səfərov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər