22 May 2014 13:33
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Heydər Əliyev prospektində bina uçqunu ilə bağlı başlanılan cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Rəna Hüseynova iştirak etməyib. Hakim deyib ki, vəkil xəstə olması ilə bağlı məhkəməyə ərizə göndərib.

Məhkəmə mayın 30-na təyin olunub.

Qeyd edək ki, 25 yanvar 2014-cü il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktına görə Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanmış müqavilə əsasında həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının tələblərini kobud şəkildə pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, sökülmə işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması iki şəxsin ölümünə səbəb olmaqla yanaşı, həmin ərazidə hərəkətdə olan ayrı-ayrı şəxslərə məxsus avtomobillər də zədələnərək ümumilikdə 19.187 manat dəyərində ziyan dəyib.

Hacı Zeynalov


Müəllif: