Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkən Fəxrəddin Güləhmədov bildirib ki, “Xudafərin” MMC-nin tikdiyi binanın 18-ci mərtəbəsindən ev alması ilə bağlı müqavilə bağlasa da, bina 17 mərtəbəli tikilib.
Abdulla Abdullayev isə deyib ki, binanın 21 mərtəbə tikilməsi nəzərdə tutulsa da sonradan Bakı şəhər İcra Hakimiyyəti axırıncı 3 mərtəbənin tikilməsinə icazə verməyib. O, qeyd edib ki, həmin mərtəbələrdə mənzil almış şəxslərə başqa mənzillər veriləcək.
Digər zərərçəkmişlər – Namiq Həsənov, Rafiq Qurbanov və Rasim Rüstəmov ifadə veriblər. Onlar Abdulla Abdullanı tanımadıqlarını, maddi tələblərinin olmadığını, mənzillər verilsə də, binanın hələ də təhvil verilmədiyini məhkəmənin nəzərinə çatdırblar.
Sonra şahid qismində Şəfaət Həsənov dindirilib. Şahid ibtidai istintaqa verdiyi ifadəsinin təhrif olunduğunu, həmin ifadənin əsassız sayılması ilə bağlı məhkəməyə müraciət edib.
Şahid qismində məhkəməyə dəvət olunan Abdulla Abdullayevin köməkçisi Rəfael Yaqubov istintaqa verdiyi ifadəsini təsdiq edib. O, bildirib ki, onun adına firma yaradılması barədə Elşən Novruzov tərəfindən təklif olunub, həmin firma vasitəsilə bankdan kredit götürülüb, AMAY-ın tikintisinə sərf olunub və borc bağlanıb. Şahid sənədləşmədə iştirak etdiyini desə də pulun alınmasında onun iştirakı olmadığını vurğulayıb.
Digər şahid, AMAY-da çayçı işləyən İlham Məhərrəmov məhkəməyə verdiyi ifadəsində təqsirləndirilən Elşən Novruzovun təklifi ilə adına firma təsis etdiklərini, “Texnikabank” dan kredit ərək AMAY-ın tikintisinə sərf olunduğunu və borcun ödənildiyini göstərib.
Məhkəmə iclası mayın 15-də davam etdiriləcək.
Hacı Zeynalov