Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma və xuliqanlıq cinayətlərində ittiham olunan 1994-cü il təvəllüdlü Röyal Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdfiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittihamnaməni oxuyub. İttihama görə, Röyal Fətəliyev 2013-ü il dekabrın 4-də Əli Musayev ilə mübahisə edib. O, daha sonra Əlini döyərək evə aparıb. Orada Əlini zorla soyunduraraq bıçaqla üzünə və sinəsinə xəsarət yetirib. Röyal Fətələliyev Əli Musayevi soyundurduqdan sonra çılpaq vəziyyətdə küçəyə çıxarıb və xalasıgilə kimi aparıb.
Bundan başqa, Röyal Fətəliye atasının dostu Asif Əsgərovu döyüb. Asif Əsgərov Röyalın atasının ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbləşən Röyal Asifi “Binə” bazarının yanında yerləşən “Dərya” kafesinin arxasına çağırıb və orada onu döyərək zibil qutusuna atıb. Daha sonra Röyal sevdiyi Vüsalə Məmmədovanın ailəsi ilə birgə yaşadığı evini yandırıb.
Röyal Fətəliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, telefon vasitəsilə tanış olduğu qız ilə görüşmək istəyib, amma qız onunla görüşməkdən imtina edib: “Bu səbəbdən qızın ailəsinin yaşadığı evi yandırmaq qərarına gəldim. Evi yandırsam da, qız və ailəsi sağ-salamat xilas olublar”.
Röyal Fətəliyev ifadəsində bildirib ki, sevdiyi qızın evini yandırarkən onları öldürmək niyyəti olmayıb. O, daha sonra Əli ilə olan mübahisəsindən danışıb. O, Əli ilə telefon üstündə mübahisələrinin olduğunu deyib: “Özüm də içkili idim, beynim çöndü, onu döydüm. Araq məni şirə döndürmüşdü. Sonra da dedim soyun, o da soyundu”.
Röyal Fətəliyev Asif Əsgərovu söyüşə görə döydüyünü etiraf edib. Prosesdə zərərçəkmiş şəxs qismində 1989-cu il təvəllüdlü Əli Musayev ifadə verib. O Röyal Fətəliyevdən şikayətçi olmadığını deyib.
Məhkəmə iclası mayın 22-də davam etdiriləcək.
Hacı Zeynalov