18 May 2015 13:30
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində pul üstündə qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində adı keçən şahid, təqsirləndirilən şəxsin anası Kəbirə Dadaşova iştirak etməyib. Təqsirləndirilən şəxsin vəkili deyib ki, Kəbirə Dadaşova məhkəmədə şahid qismində iştirak etmək istəmir. Hakim bildirib ki, məhkəmədə təqsirləndirilən şəxsin yaxın qohumlarının ifadə verməkdən imtina etməsi qanunla nəzərdə tutulmuş qaydada tənzimlənir. Onun sözlərinə görə, Kəbirə Dadaşovanın məhkəmədə ifadə verməkdən imtina etməsinə qanun yol verir.

Daha sonra hakimlər cinayət işində olan sənədlərin elan edilməsi mərhələsinə keçiblər. Hakim cinayət işinin sənədləri arasında olan bir neçə ekspertiza rəylərini açıqlayıb. Rəylərdən birində qeyd edilib ki, mərhum Röyal Nəcəfov aldığı çoxsaylı zərbələrdən kəskin qan itirmədən dünyasını dəyişib.

Bundan əlavə, başqa bir ekspertiza rəyində qeyd edilib ki, Yarəli Dadaşov cinayət törədərkən və sonrakı dövrlərdə anlaqlı olub. Bu səbəbdən onun məcburi müalicəyə ehtiyacı olmur, həmçinin Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.

Sənədlərin elan edilməsindən sonra prokuror məhkəmə istintaqının tamamlanmasını təklif edib.

Təqsirləndirilən şəxs və onun vəkili məhkəmə istintaqının tamamlanmasına etiraz etməyiblər. Yerində müşavirə keçirən hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar açıqlayıblar və ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu səbəbdən məhkəmənin növbəti vaxtı mayın 25-nə keçirilib.

İttihama görə, Yarəli Dadaşov 2012-ci ildə mobil internet saytları hazırlayaraq satmaqla məşğul olan Röyal Nəcəfovla tanış olub. 2013-cü ildə özünün düzəltdiyi “wap.eleme.az” saytını ora qeydiyyatın çox olduğunu görüb Röyaldan geri almaq barədə razılığa gəlib. O, Röyala 400 manat pul verəcəyinə boyun olub. Bir həftə möhlət istədi Yarəli Dadaşov “wap.master” parollarını götürməklə qeydiyyatdan keçənlərin çoxluğuna əmin olmaq üçün bir həftə möhlət istəyib. 4 gün sayta nəzarət edib, gündəlik 50-60 nəfərin qeydiyyatdan keçdiyini görüb, Röyal Nəcəfova zəng edərək saytın reytinqinin aşağı olduğunu, parolları geri qaytarmaq istədiyini bildirib. Röyal 20 gün sonra saytın parollarını alaraq başqasına satmasına baxmayaraq, Yarəlidən tez-tez vədələşdikləri 400 manatı tələb edib. Bu səbəbdən münasibətlər pozulub.

Sonuncu dəfə 23 oktyabr 2014-cü il tarixdə, saat 21 radələrində Yarəliyə zəng edən Röyal onunla sərt danışıb və görüşmək istədiyini bildirib. Onlar növbəti günə görüş təyin ediblər, bu zaman Yarəlinin yanında olan dostu Asim Bünyatzadə məsələ ilə maraqlanıb. Yarəli əhvalatı ona danışıb.

Asim Bünyatzadənin təkidi ilə o, Röyal Nəcəfovla məsələyə aydınlıq gətirmək istəyib. Yarəli təkrar Röyala zəng edərək onu Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivindəki “Kanal kənarı” adlanan əraziyə çağırıb. Saat 23.00-da vədələşdikləri yerə gələn tanışlara Röyal bildirib ki, “Göl” adlanan əraziyə gedərək, məsələni orada aydınlaşdırmaq istəyir. Gecə həmin əraziyə yola düşüblər. Yolda Asimlə Yarəli birləşib Röyal Nəcəfovu bıçaqlayaraq öldürüblər.

Yarəli Dadaşov Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 177.2.1-ci (oğurluq) maddələri ilə ittiham edilib. Asim Bünyatzadə istintaq altında olduğu müddətdə Bakı İstintaq Təcridxanasında vəfat edib və onunla bağlı cinayət işinə xitam verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər