Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “AMAY” şirkətinə məxsus “Xətai” ticarət mərkəzinin tamamlanma işləri üzrə şahidlər dindirildilər. Şahid qismində ifadə verən İslah Əhmədov bildirib ki, uzun müddət “AMAY” şirkətində çalışıb: “2001-2007-ci illərdə “Xudafərin MMC”-in direktoru olmuşam. Müştərilərlə müqavilə bağlanılırdı, pul kassaya ödənilirdi, həmin pullar tikintiyə sərf olunurdu. Binanın nə vaxt tikilib istifadəyə verilməsi ilə bağlı müştərilərə vaxt bildirilməyib”.
“Dan ulduzu”ansamblının bədii rəhbəri Tariyel Abbasov şahid qismində verdiyi ifadəsində qeyd edib ki, “AMAY” Ticarət Mərkəzində obyektləri olub. O, həmin əmlaklar bankdan kredit götürülərkən girov qismində təqdim edildiyini deyib.
Sözügedən şirkətdə sürücü işlədiyini deyən Akif Əliyevin sözlərinə görə, onun adına “Batabat” firması təsis olunub və ofislər girov qoyulmaqla bankdan kredit götürülüb və həmin vəsait “AMAY”-ın tikintisinə sərf olunub.
Daha sonra şahid qismində ifadə verən Emin Mehdiyev bildirib ki, “AMAY” da işləyən zaman rəhbərlikdə təmsil olunan Nizami müəllimin təklifi ilə adına firma təsis edilib. Onun sözlərinə görə, “Birlikbank”dan 600 min manat kredit götürülərək “AMAY” Ticarət Mərkəzinin tikintisinə sərf olunub: “Kredit mənim adıma olsa da, nə özüm götürmüşəm, nə də ödəmiş eləmişəm. Kredit tam ödənilib və borc bağlanıb”.
Ehtiram Həsrətov və Əhməd Qələndərli ifadələrində “AMAY”-da işlədiklərini göstəriblər. Onlar adlarına firma təsis edilərək müxtəif məbləğlərdə kredit götürülərək ticarət mərkəzinin tikintisinə sərf edildiyini və borcun artıq bağlandığını bildirbilər.
“AMAY”-da satıcı işləyən Rəhman Ağalarov bildirib ki, mağazalarını girov qoyaraq pul götürüb. Onun sözlərinə görə, həmin pulun “AMAY”-ın tikintisinə sərf olunub. Dövlət ittihamçısı Fərid Nağıyev şahiddən bu məsələdə hansı maraq güddüyünü soruşub: “Sizin nə marağınız var idi ki, adınıza firma təsis edilməsinə və külli miqdarda kredit götürülməsinə razılaşırdınız? Axı siz adi satıcı idiniz, “AMAY”-ın tikintisinin başa çatmasında nə marağınız var idi?”
Dövlət ittihamçısının sualını Abdulla Abdullayev cavablandırıb: “Maraq çörək qazanmaq olub. Rəhman mənim əsgərlik yoldaşımdır. Bu işçilərin hamısı orada işləyib çörək qazanıblar, ona görə də hamısı işin getməsində, tikintinin başa çatmasında maraqlı olublar. İndi baxıram bu adamların hamısını prokurorluq qocaldıb. Ömürləri istintaqda keçib hamısının”.
Daha sonra ifadə verən Nazim Fərəcov bildirib ki, adına iki şirkət təsis edilib və “Texnibank”dan 1 milyon 100 min manat manat kredit götürülüb: “Sənədə imza çəksəm də, pul bankda qalıb”.
Abdulla Abdullayevin köməkçisi olmuş Əşrəf Seyidov da iki şirkət vasitəsilə “Texnikabank”dan kredit götürülərək “AMAY”-ın tikintisinə sərf edildiyini deyib. Şahid bildirib ki, “Texnibank”ın rəhbəri Etibar Əliyev “AMAY”-a gəlib və ayrılmış krediti bir dəfəyə verə bilməyəcəyini deyib: “Abdulla müllim dedi ki, “AMAY”böyük şirkətdir, krediti “AMAY”-ın adına verin. Etibar Əliyev isə bildirdi ki, birdən birə o qədər krediti bir şirkətə verə bilməz. O, təklif etdi ki, 40 dənə ayrı firma yaradılsın və hissə-hissə həmin firmaların adına kredit veriləcək. Onun təklifi ilə digər firmalar yaradıldı, kredit götürülərək “AMAY”-ın tikintisən sərf edildi, banka olan borclar isə bağlandı”.
Məhkəmə prosesi mayın 19-da davam edəcək.
Hacı Zeynalov