Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qanlı cinayət törətməkdə təqsirli bilinən Biləsuvar rayonun 1996-cı il təvəllüdlü sakini Əfsun Əliyevin məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan dairəsindəki kafedə baş verib. Binəqədi şosesində Astara rayon sakini, 1979-cu il təvəllüdlü Heydər Əhmədov qarın nahiyəsindən bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Binəqədi polisinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Əfsun Əliyev tutulub.
Şahidlər niyə məhkəməyə gəlmədi?
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əfsun Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib.
Daha sonra hakim bildirib ki, cinayət işi üzrə adları keçən bəzi şahidlər məhkəməyə gəlməyib. Həmin şahidlərin məhkəməyə gətirilməsi ilə bağlı xüsusi qərar çıxarılıb.
Hakimin sözlərinə görə, Seymur Bəyişovun məcburi məhkəməyə gətirilməsi ilə bağlı qərara Biləsuvar rayon polis şöbəsi məktubla cavab verib. Məktubda qeyd edilir ki, Seymur Bəyişov yaşadığı kənddə qeydiyyatda olsa da, həmin kəndə yaşamır. Bu səbəbdən onun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərarın icrası mümkün deyil. Qeyd edilir ki, Seymur Bəyişovun yeri müəyyən ediləndən sonra məhkəməyə məlumat veriləcək.
Rəcəb Babayev və Eyvaz Məmmədovun da yerinin müəyyən edilməsinin mümkünsüzlüyü ilə bağlı polisdən məhkəməyə məktub daxil olub.
Ötən məhkəmə iclaslarında iştirak etmədiyi üçün zərərçəkmiş Heydər Əhmədovun da məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilib. Zərərçəkmişin məcburi gətirilməsi barədə qərarın icrası ilə Astara rayon polis şöbəsindən məktub daxil olub. Məktubda qeyd olunub ki, Heydər Əhmədov qeydiyyatda olduğu kənddə yaşamır.
Hakim qeyd edib ki, hazırkı məhkəmə iclasına Heydər Əhmədov könüllü gəlib. Hakim onun məhkəmə çağırışlarından yayınmasının səbəbi ilə maraqlanıb. Heydər Əhmədov deyib ki, bir neçə aydır Astara rayonunda yaşamır. Bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyib.
Hakimin sözlərinə görə, şahidlərin məhkəməyə gətirilməsi mümkün deyil. O bu məsələyə tərəflərin münasibətini öyrənib. Təqsirləndirilən şəxsin vəkili Səbirə Hacıyeva bildirib ki, bu cinayət işi uzun müddətdir məhkəmədə davam etdirilir: “Şahidlərin də məhkəməyə gətirilməsi mümkün deyil. Bu baxımdan məhkəmə istintaqının tamamlanması gərəkdir”.
“Onlar cinayətkardırlar”
Əfsun Əliyev də məhkəmə istintaqının tamamlanmasına etiraz etməyib. O, bildirib ki, adı keçən şahidlərin cinayət işi ilə heç bir əlaqəsi olmayıb.
Cinayəti tək törətdiyini qeyd edən Əfsun Əliyev bildirib ki, adıçəkilən şahidlərin məhkəməyə şağırılmasına əsas yoxdur.
Heydər Əhmədov isə qeyd edib ki, cinayət hadisəsi zamanı Əfsun Əliyev tək olmayıb: “Əfsun məni bıçaqlayıb, o birilər isə məni vəhşicəsinə döyüblər. Həmin şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyirəm. Onların məhkəməyə gətirilməməsi səbəbləri ilə bağlı deyilənlərə inanmıram. Çünki Azərbaycanda yaşayırlar, yerlərinin müəyyən edilməsi və məhkəməyə gətirilməsi təmin edilməlidir. Onları məhkəmə axtarışa verməlidir. Çünki onların iş üzrə şahid qismində dindirilməsi əsassızdır. Onlar cinayətkardırlar. Seymur, Eyvaz, Rəcəb hadisənin iştirakçısı olublar”.
Hakim bildirib ki, zərərçəkənin yaralarının müəyyən edilməsi ilə bağlı ekspertiza rəyi var. Rəyi açıqlayan hakim qeyd edib ki, Heydər Əhmədovun bədənində 4 bıçaq xəsarəti aşkar olunub: “Həmin xəsarətlərdən biri ağır, üçü isə yüngül xəsarət hesab edilib. Bundan başqa, həmin xəsarətlərin şəxs və ya şəxslər tərəfindən törədilməsini ekspertlər müəyyən edə bilməyib. Məhkəməyə bir nəfər barəsində cinayət işi daxil olub və həmin cinayət işi ətrafında da araşdırma aparılır”.
“Əfsun Heydərə dedi ki, atan yaşında kişini niyə döyürsən?”
Prokuror Rahil İsmayılov məhkəməyə gəlməyən şahidlərin ifadəsinin elan edilməsini istəyib.
Şahid qismində ifadə vermiş Rəcəb Babayev bildirib ki, 22 may 2014-cü il tarixdə Xırdalan dairəsində Sədayət adlı şəxsə məxsus kafeni icarəyə götürüb: “İyulun 1-də Heydər və Sədayət kafeyə gəldilər. Həmin vaxt Heydər içkili idi. Heydəri əvvəllər kafeyə gəlib-getdiyi üçün tanıyırdım. O, oturduğu masanın qonşuluğunda əyləşən yaşlı bir kişi ilə söhbət edirdi. Daha sonra Heydər həmin kişini öz masasına çağırdı və ondan 10 manat alaraq mənə verdi. Yaşlı kişinin hesabını isə özünün ödəyəcəyini bildirdi.
Bundan sonra Heydər şampan və dondurma sifariş etdi. Sifarişləri aldı, bir neçə vaxtdan sonra bildirdi ki, hesabı ödəmək üçün pul gətirməyə gedir, pulu bir saata ödəyəcək. Heydərlə yaşlı kişi kafedən çıxdılar.
Bir qədər sonra kafeyə gəlib-gedən Əfsun bayıra çıxdı və yaşlı kişinin Heydər tərəfindən döyüldüyünü gördü. Əfsun Heydərdən soruşdu ki, atan yaşında kişini niyə döyürsən? Bu zaman Heydər həmin yaşlı kişindən pul tələb etdi. Yaşlı kişi də 10 manatı olduğunu, həmin pulu da Heydərə verdiyini dedi.
Əfsunun yanında olan Eyvazla birlikdə həmin yaşlı kişini kafeyə gətirdik, əl-üzünü yuduq. Bu zaman bayıra çoxlu adamın toplaşdığını eşitdik. Bayıra çıxdıq, Heydərin qara paltarlı bir nəfər tərəfindən vurulduğunu bildik. Sonradan bizə məlum oldu ki, cinayəti törədən Əfsun Əliyev olub. Həmin vaxt Əfsunun Heydəri vurmasını bilməmişəm və görməmişəm. Eyvaz da mənim yanımda olduğu üçün hadisənin şahidi olmayıb”.
“Əfsunun üst-başını qanlı gördüm”
Seymur Bəyişovun ifadəsinə görə, həmin gün Əfsunla birlikdə kafeyə gəlib: “Biz Əfsunla masalardan birində əyləşdik. Bir qədər sonra Heydər və Eyvaz gəldilər. Eyvaz Əfsunu tanıdığı üçün bizimlə salamlaşdı. Onlar da bizim masaya əyləşdilər. Bu zaman Heydər qonşu masada olan yaşlı kişi ilə danışmağa başladı və 10 manatını alaraq Rəcəbə verdi, onu da bizim masaya dəvət etdi. Bir qədər sonra Heydər və həmin yaşlı kişi kafedən çıxdılar. Az sonra Əfsun Heydərlə yaşlı kişinin hara getdiyini soruşdu. Biz bayıra çıxanda Heydərin yaşlı kişini boğazından tutaraq divara dirədiyini gördük.
Əfasun Heydərdən yaşlı kişiyə qarşı niyə belə hərəkət etməsinin səbəbini soruşdu. Məlum oldu ki, Heydər həmin kişidən hesabı bağlamaq üçün pul tələb edir. Yaşlı kişi də 10 manatı olduğunu, həmin pulu da Heydərə verdiyini bildirdi. Yaşlı kişini Heydərin əlindən alaraq kafeyə apardıq. Bir qədər sonra səsə-küyə bayıra çıxanda Əfsunun üst-başını qanlı gördüm. Həmin vaxt Eyvaz hadisənin iştirakçısı ola bilməzdi. Çünki kafenin otaqlarından birində yatmışdı”.
Hakim daha sonra cinayət işində olan digər sənədləri elan edəndən sonra məhkəmə istintaqının tamamlanması ilə bağlı qərar elan ediblər və çıxış etmək üçün prokurora söz verilsə də, prokuror çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib.
Bu səbəbdən məhkəmənin davamı mayın 27-nə keçirilib.
Hacı Zeynalov