Bakı Apelyasiya Məhkəməsində Təhsil Nazirliyinin Bakı Dövlət Sosial İqtisad Kollecinin qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 min 340 manat məbləğində rüşvət alıblar. Bundan başqa Mübariz Mahmudov digər təqsirləndirilən şəxslərlə birlikdə əmək haqqını nağdlaşdırıb götürməklə 6 min manat məbləğində pulu, həmçinin qabaqcadan əlbir olduğu “Turan X” MMC-nin direktoru Əliqulu Sadıqovla birlikdə onlara etibar edilmiş 20 min manat dəyərində əmlakı mənimsəmə və israf etmə yolu ilə talayıblar.
Habelə, Mübariz Mahmudov kollecin baş mühasibi İranə Quliyeva ilə birlikdə 3 min manat məbləğində xeyli miqdar təşkil edən vergiləri ödəməkdən yayınmaqla yanaşı, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.
Mübariz Mahmudov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İlqar Əzizov, Şahin Mirzəmətov və Əlixan Ağamirzəyev həmin məcəllənin 311.3.1, 311.3.3, 311.3.4-cü, Rafiq Yunusov 32.5, 311.3.1-ci, Əliqulu Sadıqov 179.3.2 və 313-cü, İranə Quliyeva isə 213.1 və 313-cü maddələri ilə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Əzizov və Şahin Mirzəhmədova 4 il, Rafiq Yunusova isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Mübariz Mahmudov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, həbsdə olduğu zaman vəfat edib. Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Həmçinin Baş prokurorluqda təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılıması ilə bağlı apelyasiya protesti verib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin edilməyib.
Hacı Zeynalov