Sumqayıt Apelyasiya Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Müşfiq və Cəmiyyət Beydullayev qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şamaxı rayon, Dağ Bağırlı kənd sakini Müşfiq Beydullayev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq əmisi oğlu Beydullayev Beydulla İmanqulu oğlunu ağır dərəcədə yaralayıb.
Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan Beydulla Beydullayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Müşfiq Beydullayev tutulub. İstintaq zamanı qətldə iştirakı müəyyən olunan digər qardaş - Cəmiyyət də həbs edilib. .
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Beydullayev 11 il 6 ay, Cəmiyyət Beydullayev isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Beydullayev qardaşlarının apelyasiya şikayətləri təmin edilməyib.
Hacı Zeynalov