22 May 2015 21:54
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Saatlı rayon sakini, 1985-ci il təvəllüdlü Abuzər Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Abuzər Soltanov 17 may 2014-cü il tarixdə sürücülük vəsiqəsi olmadan Saatlı rayonunun Qarayevkənd-Smadakənd avtomobil yolunun Qarayevkənd kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi törədib. O, idarə etdiyi “VAZ-2101” markalı avtomaşını Qarayevkənd kəndi istiqamətində yüksək sürətlə hərəkət edərkən ağaca vurub. Nəticədə avtomaşında olan sərnişinlər Nihad Güləliyev həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq belə nəticəyə gəlib ki, Abuzər Soltanov sürücülük vəsiqəsi olmadan avtoxuliqanlıq edib və nəticədə b ir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib.

Abuzər Soltanov Cinayət Məcəlləsinin 263-1.2-ci (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olma) maddəsi ilə ittiham edilib və Saatlı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

Hökmdən apelyasiya şikayəti verən Abuzər Soltanov qeyd edib ki, Saatlı Rayon Məhkəməsinin hökmü ilə ona ağır cəza təyin edilib. O, qeyd edib ki, zərərçəkmiş şəxslə barışmış, onlarla razılıq əldə edib, himayəsində iki azyaşlı uşağı, həyat yoldaşı, qoca və xəstə anası var. Göstərilənlərə əsasən ona azadlıqdan məhrum etməklə bağlı olmayan cəza təyin edilməsini apelyasiya instansiyası məhkəməsindən xahiş edib.

Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Abuzər Soltanov törətdiyi əməldən peşman olduğunu bildirib. O, apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyi qeyd edib. Prokuror Səyavuş Sadıqov hökmün ədalətli olduğunu və apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Zərərçəkən Nihad Güləliyev apelyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirib. O, deyib ki, həmkəndlisi kimi Abuzər Soltanovu bağışlayaraq ondan heç bir şikayət və tələbi yoxdur. Hakimlər Abuzər Soltanovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətini təmin etməyiblər.

Hacı Zeynalov


Müəllif: