22 May 2015 17:23
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə cinayət törədən 24 yaşlı gənci cəzalandırdı

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ceyhun Camalovun məhkəməsi başa çatıb. İttihama görə, o, tanışı Nərminə Heydərovanı döyüb, onun köməyinə gələn polis əməkdaşı Anar Zeynalovu bıçaqlayaraq öldürməyə cəhd edib.

Nərminə Heydərovanın onunla görüşmək istəmədiyini, telefon zənglərinə cavab vermədiyini görən Ceyhun Camalov 11 mart 2014-cü ildə, saat 19:00 radələrində qızın işdən çıxmasını gözləyib. Nərminə piyada evə qayıdarkən onu təqib edib və Zaqatala şəhərindəki H.Əliyev prospekti ilə M.Ə.Rəsulzadə küçəsinin döngəsində saxlayıb.

Sevdiyi qızı küçənin ortasında döydü

Ceyhun Nərminənin qolundan tutaraq naməlum istiqamətə aparmaq istəyib. Qız onunla getməkdən boyun qaçırıb. Ceyhun Nərminə Heydərovanı nalayiq sözlərlə təhqir edib, sifətinə şillə vurub, ayağını təpikləyib.

Nərminə köməyə adam çağırıb. Həmin vaxt “VAZ-21114" markalı avtomobillə oradan keçən Zaqatala rayon polis şöbəsinin sahə inspektoru, polis kapitanı Anar Zeynalovu görən Nərmin ondan əl işarəsi ilə yardım istəyib.

Anar Zeynalov xidməti geyim formasında onlara yaxınlaşaraq maşından düşüb. Nərminə Heydərova yanında dayanan Ceyhun Camalovu göstərərək onu narahat etdiyini, zorla harasa aparmaq istədiyini və yolun ortasında şillə-təpiklə vurduğunu bildirib. Anar Zeynalov Nərminə Heydərovaya avtomobilə əyləşib, birlikdə Zaqatala rayon polis şöbəsinə gedərək rəsmi qaydada müraciət etməli olduğunu bildirib.

Bu zaman Ceyhun Camalov Nərminə Heydərovanın heç yerə getməyəcəyini bildirib. Bu zəmində onların arasında mübahisə baş verib. Daha sonra Ceyhun Camalov üzərində gəzdirdiyi bıçağı çıxararaq polis əməkdaşına zərbələr vurub.

Altı bıçaq zərbəsi alan Anar Zeynalov xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Ceyhun Camalov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Anarı öldürmək fikrim yox idi”

Məhkəmədə ifadə verən Ceyhun Camalov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib: “Nərminə Heydərova ilə hadisədən 4-5 ay əvvəl tanış olmuşam. Həmişə Nərminə ilə görüşüb mesajlaşmışıq. Təxminən 10 gün olardı, Nərminənin məndən soyuduğunu hiss etdim. Nərminəni sevdiyim üçün ondan ayrıla bilmirdim.

Martın 11-də Nərminə işdən çıxanda onunla söhbətə razılaşdıq. Söhbət zamanı mübahisə elədik. Bu zaman Anar Zeynalov maşınla yanımıza gələrək hər ikimizi polis şöbəsinə aparacağını bildirdi.

Ondan polis şöbəsinə aparmasının səbəbini soruşdum. Polis zabiti söyüş söyərək məni təhqir etdi. Cibimdən bıçağı çıxararaq onu vurdum. Sonra Nərminəni də götürərək oradan uzaqlaşdım. Özüm polis orqanına könüllü təslim oldum. Anarı öldürmək fikrində deyildim".

“Nərminənin maşına oturmasına etirazımı bildirdim”

Məhkəmə Ceyhun Camalovun bu ifadəsini müdafiə xarakterli hesab edib və bu səbəbdən də onun ibtidai istintaqa verdiyi ifadəsini də elan edib.

Ceyhun Camalov istintaqa bildirib ki, Nərminə işdən çıxandan sonra arxasınca düşüb, ona sözü olduğunu bildirib: “Nərminə isə iti addımlarla məndən qaçmağa, mənimlə söhbət etməməyə çalışırdı. İki küçənin kəsişməsində Nərminə yoldan öz maşını ilə keçən bir polis əməkdaşını görüb, ona əl elədi. Həmin polis bir qədər irəlidən, yəni Sevil Qazıyeva abidəsinin dairəsindən dövrə vuraraq bizim yanımıza gəldi.

Polis əməkdaşı maşından düşərək Nərmindən nə məsələ olduğunu soruşdu. Nərminə yolun ortasında ona şillə-təpik vurduğumu və qolundan tutaraq zorla harasa aparmaq istədiyimi dedi. Anar Zeynalov Nərminəyə avtomobilə oturmasını, polis şöbəsinə gedərək şikayətini orada rəsmi qaydada yazmasını istədi. Nərminənin maşına oturmasına etirazımı bildirdim".

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, həmin vaxt Nərminə maşına oturmaq istəməyib: “Bu zaman Anar mənim də maşına oturmağımı, birlikdə polis şöbəsinə gedəcəyimizi və orada məsələyə aydınlıq gətiriləcəyini dedi. Anar Zeynalova maşına oturmayacağımı, ümumiyyətlə, heç yerə getməyəcəyimi söylədim. Polis nalayiq sözlər dedi, yaxamdan tutaraq maşına oturmağımı tələb etdi.

Daim üzərimdə gəzdirdiyim cib bıçağını çıxararaq Anarın əvvəl boğaz nahiyəsinə, sonra isə bədəninin müxtəlif nahiyələrinə 5-6 bıçaq zərbəsi vurdum. Sonuncu zərbəni Anarın hansı nahiyəsinə vurduğumu bilməmişəm. Sonra Nərminənin qolundan tutaraq birlikdə “Bəkməz” adlanan çayın kənarına gəldik. Orada Nərminə ağlayıb qışqıraraq mənimlə getmək istəmədiyini dedi. Uzaqdan maşın gəldiyini gördüm. Həmin maşının polisin ola biləcəyindən şübhələnərək Nərminəni buraxdım. Özüm isə çayın içi ilə 2-3 kilometr qaçdım.

Bir ağacın altında mobil telefonumu daşa vuraraq qırdım. Gecə saat 04:00-a kimi çayın kənarında oturduqdan sonra yaşadığım evə gəldim. Anamın evdə olmadığını görərək təslim olmaq üçün birbaşa Zaqatala rayon polis şöbəsinə getdim".

“Ceyhun məni öldürəcəyi ilə hədələyirdi”

Zərərçəkən Nərminə Heydərovanın sözlərinə görə, təxminən 4 ay əvvəl tanış olduğu Ceyhun Camalov onu sevsə də, o, sevməyib: “Sonradan Ceyhunun pis vərdişləri olduğunu, narkotikdən istifadə etdiyini eşidəndən sonra ayrılmağı qərara aldım. Bundan sonra onunla görüşə çıxmadım. Ceyhun isə bunu hiss edərək məni telefonda təhqir edib, öldürəcəyi ilə hədələyirdi. Son zamanlar Ceyhun yolumu kəsir, zənglər edərək məni rahat buraxmırdı.

Martın 11-də axşam piyada yaşadığım evə gələrkən Ceyhunun dalımca düşdüyünü gördüm. Mənə yaxınlaşıb, zorla qolumdan tutaraq özü ilə harasa aparmaq istədi. Lakin etiraz etdim. Ceyhun yolda üzümə iki şillə və sol ayağamın bud nahiyəsinə təpik zərbəsi vurdu. Həmin vaxt ətrafda tanımadığım adamlar vardı, hətta oradan keçən tanımadığım bir yaşlı qadın Ceyhunun məni şillə ilə vurduğunu da gördü. Həmin qadın Ceyhuna iradını bildirdi. Bu zaman iti addımlarla evə doğru hərəkət etdim. Ceyhun isə gah saçımı yolur, gah da əlimdən tutaraq harasa zorla aparmaq istəyirdi. Ceyhunun mənə qarşı belə zorakı hərəkətləri təxminən yarım saat davam elədi".

“Polis şöbəsinə getməyi təklif etdi”

Zərərçəkmişin sözlərinə görə, həmin vaxt kömək üçün ətrafa boylanaraq tanış adam axtarıb: “Bu zaman təsadüfən yoldan öz maşını ilə gedən polis əməkdaşını gördüm. Əl işarəsi ilə onu köməyə çağırdım. Anar Zeynalov maşında tək idi, yerə düşərək yanımdakı oğlanı tanıyıb-tanımadığımı soruşdu. Ceyhunu tanıdığımı, məni narahat etdiyini, zorla məni harasa aparmaq istədiyini, şillə-təpiklə vurduğunu dedim. Bundan sonra Anar maşına oturmağımı, polis şöbəsinə gedərək ərizə yazmağımı təklif etdi. Maşının arxa qapısını açaraq oturmaq istəyəndə Ceyhun üstümə qışqıraraq maşına oturmağa imkan vermədi.

Anar Zeynalov Ceyhunun məndən əl çəkmədiyini gördü. Onun yaxasından tutaraq, maşına minməli və birlikdə şöbəyə getməli olduğunu bildirdi. Elə bu zaman Ceyhunun əlində açılıb-qatlanan bıçaq gördüm. Bıçağı açan kimi Anar Zeynalovun bədəninin müxtəlif nahiyələrinə 4-5 zərbə vurdu. Buna baxmayaraq, Anar Ceyhunun yaxasını buraxmadı, maşına oturmasını istədi.

Sonra Ceyhun qolumdan tutaraq məni ara yolla “Azərbaycan” prospektinə apardı və asfalt yolla çaylağın kənarına kimi gətirdi. Lakin uzaqvuran işıqları ilə avtomobil gəldiyini görəndə qolumu buraxdı. Taksi lə yaşadığım evə gəldim. Evdən polis əməkdaşı Sabir Xəlilova zəng edərək baş verən hadisəni danışdım".

Ana: “Ona elçi getmək istəmədik”

Məhkəmədə zərərçəkən şəxs qismində Anar Zeynalov da ifadə verib. O, Nərminə Heydərovanın ifadəsinə uyğun danışaraq Ceyhun Camalov tərəfindən bıçaqlandığını deyib.

Şahid qismində ifadə verən Zəminə Camalova bildirib ki, oğlu Ceyhunla Nərminə Heydərovanın bir-birini sevməsindən xəbəri olub: “Lakin ailəlikcə Nərminəyə elçi getmək istəməmişik. Ceyhunun Nərminəni almasına razı olmamışıq. Martın 11-də Ceyhun işdən evə gəldi və əynini dəyişərək yenidən evdən çıxdı. Bir az sonra evə çoxlu polis əməkdaşları gəldi. Polislər Ceyhunu soruşdular.

Həmin gecə saat 23.30 radələrində polis əməkdaşları yenidən yaşadığım evə gəldi və məni polis şöbəsinə apardılar. Orada oğlum Ceyhunun yerini soruşdular. Mən xəbərsiz olduğumu dedim. Martın 12-də saat 03:00 radələrində Ceyhun polis şöbəsinə gələrək təslim oldu".

Məhkəmənin hökmü ilə Ceyhun Camalov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: