Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şücaət Məmmədov ifadə verib. O, bildirib ki, onun adına “Köhnə Qala” firması təsis olunub, təqsirləndirilən Elşən Novruzovun təklifi ilə “Texnikabank”dan kredit götürüb və götürülən məbləğ “AMAY”-ın tikintisinə sərf olunub. “Birlikbank”-ın kredit şöbəsinin mütəxəssisi Dilarə Hüseynova təqsirləndirilən şəxsləri tanımadığını deyib.
“AMAY” şirkətində mühafizəçi işləyən Cəfər Məhərrəmov təqsirləndrilən Mehman Məmmədxanlının təklifi ilə bankdan 1 milyon məbləğində pul götürdüyünü, həmin pulların “AMAY”-ın tikintisinə sərf olunduğunu bildirib. “Birlikbank”-ın kredit şöbəsinin müdiri İlqar Muradov istintaqa verdiyi ifadəsini təsdiq edib. O, bildirib ki, müştəriyə 10 min manatdan artıq kredit verilib. “Birlikbank”ın ləğvetmə komissiyasının üzvü olmuş Abbasəli Qurbanov və Beynəlxalq Bankın işçisi Həbib Qafarov şahid qismində ifadə veriblər.
“Birlikbank”dan kredit götürən şəxslər pulların qaytarılmasında gecikmələr olduğu üçün cərimə edildiklərini deyiblər. Daha sonra vəkil Osman Kazımov Abdulla Abdullayevin barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatətin növbəti məhkəmə iclasında müzakirə olunacağını deyib.
Məhkəmə prosesi mayın 26-da davam etdiriləcək.
Hacı Zeynalov