27 May 2015 13:05
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev və digər şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub.

Vəkillər hökmün ləğv edilməsini, işin yenidən instansiya məhkəməsinə qaytarılmasını, həmçinin apelyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə baxılmasını istəyiblər.

Prokuror apelyasiya şikayətinə baxılması üçün aidiyyatı üzrə Gəncə Apelyasiya məhkəməsinə göndərməsi barədə vəsatət verib. O, bildirib ki, şikayətə Bakı Apeyasiya Məhkəməsi baxa bilməz.

Prokurorun vəsatəti təmin edilib. Şikayət baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Vəkillərin vəstətləri müzakirə edilməyib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbs edilib.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E.Məmmədov həbs olunub.

Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib. İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

Hacı Zeynalov


Müəllif: