29 May 2015 14:39
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namazov və 1988-ci il təvəllüdlü Fərid Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, istintaq zamanı 19 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi və mənzillərdən 1 milyon manatdan artıq dəyəri olan qızıl və müxtəlif valyutalar oğurlaması müəyyən edilib.

Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. İsmayıl Qəhrəmanov evlərdən ölçüsü kiçik, dəyəri böyük olan şeyləri, yəni ancaq qızıl və pulları götürürmüş. Nə qədər bahalı olursa olsun, peşəkar oğru qarşısına çıxan telefon və digər elektron avadanlıqlara tamah salmırmış. Onun qarət etdiyi evlərin sahibləri arasında xeyli varlı və tanınmış adamlar da var.

İsmayıl Qəhrəmanova Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2, (quldurluq) 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən Zaur Namazova və Fərid Əlibəyova isə Cinayət Məcəlləsinin 32.5 (iştirakçılıq) və 177.3.2-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb. Hər ikisinin barəsində başqa yerə getməmək iltizam tədbiri seçilib.

Hakimj Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə müdafiəçilərin işin istintaqını aparan müstəntiqlərin məhkəməyə çağırılması barədə vəsatət veriblər. Hakim vəsatəti təmin edib.

Məhkəmə iclası iyunun 5-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif: