Sumqayıt Apelyasiya Məhkəməsində Xaçmaz rayon sakini, 1982-ci il təvəllüdlü Saleh Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən il sentyabrın 27-də Xaçmaz rayonunda yerləşən “Zümrüd” şadlıq evində Saleh Hacıyevlə dayısı oğlu, 1986-cı il təvəllüdlü Rüfət Xeyrullayev arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində münaqişə baş verib.
Saleh sərxoş vəziyyətdə olan Rüfətdən aralanmaq istəsə də buna nail ola bilməyib, foyedə olan qohumlar və digər qonaqlar da insidentin şahidi olublar. Başlanan dava zamanı Xeyrulla Hacıyevi itələyib.
Nəticədə Xeyrulla Hacıyev müvazinətini itirərək başı ilə pilləkənə dəyib. Münaqişə şahidlərin müdaxiləsi nəticəsində sovuşandan sonra Rüfət evə yollanıb, lakin qəflətən gecə halı pisləşib. O, yaxınları tərəfindən Mərkəzi rayon Xəstəxanasına çatdırılıb və orda dünyasını dəyişib.
Araşdırmaya başlayan Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Saleh Hacıyevi saxlayıblar. O, dindirilərkən Rüfət Xeyrullayevlə savaşdığını etiraf edib.
İlkin olaraq Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, sonra isə həmin maddə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəyə tövsif edilib. Saleh Hacıyevin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə prosesində Saleh Hacıyev ittiham üzrə özünü təqsirli hesab etməyərək, Rüfət Xeyrullayevi qəsdən öldürmədiyini bildirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, o həqiqətən Rüfəti itələyib, amma bu qarşılıqlı mübarizə vaxtı baş verib, Hacıyev cinayəti mərhumun qanunsuz hərəkətləri nəticəsində törətdiyini göstərib.
Məhkəmə hökm qəbul edərkən belə nəticəyə gəlib ki, Saleh Hacıyevə istintaq orqanı tərəfindən ittiham düzgün maddə ilə verilməyib. Ona görə ki, Saleh Hacıyevin əməli qəsdən olmayıb.
Hökmə əsasən Saleh Hacıyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.2 (cinayəti törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib. Məhkəmənin hökmü ilə Saleh Hacıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin Saleh Hacıyev də apelyasiya şikayəti verərək daha yüngül cəzanın verilməsini istəyib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Prosesdə həm prokurorluğun, həm də təqsirləndirlən şəxsin şikayətlərinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı iyunun 10-na təyin edilib.
Hacı Zeynalov