Quba rayon sakini, 1962-ci il təvəllüdlü Mirqasım Babayev arvadı haqqında xoşagəlməz söhbətlər yayılmasından əsəbləşərək qanlı cinayət hadisəsi törədib.
Teleqraf.com xəbər verir ki, hadisə Quba rayonu, Mirzəqışlaq kəndində qeydə alınıb.
Mirqasım Babayev evinin həyət darvazasının qarşısında sərxoş vəziyyətdə olarkən həmkəndlisi Nurəhməd Məmmədovun həmin kəndin mərkəzindəkı mağazanın qarşısından keçən küçədə at arabası ilə evinə ot apardığını görüb. O, Nurəhməd Məmmədova yaxınlaşıb və ona deyib ki, gəlinin Zülfiyyə Məmmədova mənim arvadımın ləyaqətini ləkələyən sözlər yayır.
Nurəhməd Məmmədov isə cavabında bu söhbətin yersiz olduğunu bildirib: "Bura yeri deyil, sonra aydınlaşdırarıq, ayıbdır, küçədə bu barədə danışmağın yeri yoxdur". Nurəhmədin sakitləşdirici sözlər deməsinə baxmayaraq, Mirqasım onun ünvanına nalayiq söyüşlər söyüb.
Bu zaman Nurəhmədin nəvəsi Sahil onların mübahisəsinə qoşulub. Sahil arabada olan yabanı götürərək Mirqasımın ayağından vurub və daha sonra arabanı yerə ataraq qaçıb. Bu zaman yerdən yabanı götürən Mirqasım Nurəhmədin kürək nahiyəsindən vurub. Nurəhməd hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya aparılıb və vaxtında tibbi yardım göstərlidiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq müəyyən edib ki, Nurəhməd Məmmədovun gəlinləri Mirqasım Babayevin ikinci arvadının əxlaqsızlıqla məşğul olması barədə xəbər yayıblar. Cinayət hadisəsi də bu səbəbdən baş verib.
“Eşitdim ki, arvadım haqqında pis söhbətlər danışıblar”
Mirqasım Babayev Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlisoltan Osmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Mirqasım Babayev bildirib ki, Nurəhməd Məmmədovla və onun nəvəsi Sahil Məmmədovla onun uzaq qohumluq əlaqələri olub: “Mənim birinci arvadım vəfat edib. Buna görə də ikinci dəfə Şamaxı rayonundan bir nəfər qadınla ailə qurmuşam. Kənddə eşitdiyimə görə Nurəhmədin gəlinləri ikinci arvadım barədə pis sözlər danışıblar”.
“Sahil məni söydü, sonra da yaba ilə ayağımdan vurdu”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 oktyabr 2012-ci il tarixdə, günorta vaxtı çörək yeyərkən 100 qram araq içib: "Axşam tərəfi, saat 19 radələrində həyətdə, darvazanın qapısını düzəltmişəm. Bu zaman Nurəhməd Məmmədovun araba ilə qapının qabağından keçdiyini gördüm. Ondan gəlinlərinin arvadımın arxasınca danışdıqlarının səbəbini soruşmaq yadıma düşdü. Bununla bağlı Nurəhməd Məmmədova yaxınlaşaraq ona salam verdim. Gəlinlərinin arvadımın dalınca danışdıqlarını bildirdim. Nurəhməd mənə qulaq asmayaraq arabanı sürdü. Onun bu hərəkəti mənə pis təsir etdi. Buna görə də arabanın arxasınca getdim. Mağazaya çatmağa az qalmış yenə də Nurəhməd Məmmədovu saxladım və niyə cavab verməməsini soruşdum. Söhbətə Nurəhmədin nəvəsi Sahil qarsıdı. O, arabanın üstündən yabanı götürərək mənə tərəf gəldi. Sahil məni söydü, sonra da yaba ilə ayağımdan vurdu. Mən vurmaq üçün sahilin üstünə cumdum. Amma o, yabanı ataraq qaçdı. Ona çata bildmədiyim üçün yabanı götürərək Nurəhməd Məmmədovun kürək nahiyəsinə sancdım. Ayağımdan xəsarət almağımla bağlı xəstəxanaya müraciət etməmişəm. Ayağımda olan yaranı özüm sağaltmışam”.
Məhkəmənin hökmü ilə Mirqasım Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mirqasım Babayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onun şikayəti qismən təmin edilib və cəzası 7 ilə endirilib.
Hacı Zeynalov